Artıq bir neçə gündür ki, ölkədə fəaliyyət göstərən iki bank onlara məxsus kredit kartlarından istifadəyə dair məhdudiyyətlər tətbiq edib. “Qafqazinfo” xəbər verir ki, “Unibank” və “Bank of Baku” nun kredit kartından istifadə edən müştərilərin mobil telefonlarına bu barədə mesajlar da göndərilib.
Belə ki, “Unibank”da son aylarda dollarla olan Albalı Plus kartlarında nağdlaşdırma etmək artıq mümkün deyil. Dollar hesablı əksər Albalı Plus kartlarında limit ümumiyyətlə sıfırlanıb. Manatla olan Albalı Plus kartlarında kartın limiti yarıya endirilib.

Bununla bağlı banka müraciət edən müştərilərə bildirilir ki, bu addımlar müqaviləyə əsasən atılıb. Müqavilədə göstərilir ki, bank üzrə ödənişlərdə gecikmələr olduqda, kartdan bir müddət istifadə etmədikdə, və ya ayrılan limitdən tam deyil, az istifadə etdikdə bank tərəfindən, müqaviləyə də əsasən, bir tərəfli qaydada sıfırlana, bloklana və limit azaldıla bilər.
“Bank of Baku” da “Dostlar klubu” kartlarından kredit xətti kimi istifadə edilməsinə müvəqqəti məhdudiyyət qoyması barədə müştərilərini məlumatlandırmağa başlayıb. Bankdan müştərilərin telefonlarına göndərilən sms-lərdə qeyd olunur ki, Loyallıq layihəsi çərçivəsində “Dostlar klubu” kartı üzrə ekspres xətt limitindən istifadə məhdudlaşdırılıb. Həmçinin Bolkart müştərilərinə də bir dəfəyə 10 gündən çox gecikməyə görə, kredit xəttindən istifadəni məhdudlaşdırıldığını göstərən sms göndərilib.

Qeyd edək ki, “Bank of Baku” gün ərzində müştərilərinə bu barədə rəsmi məlumat açıqlayacaq.
Bankın açıqladığı məlumatda bildirilir ki, qərar yalnız köhnə Bolkartların yenidən qiymətləndirilməsinin nəticəsi olaraq qəbul olunub. Qiymətləndirmə kartların həm istifadə, həm ödəniş, həm də risklilik dərəcəsinə əsasən aparılıb. Dəyişikliklər ancaq köhnə Bolkartlara şamil olunur.
Nəzərinizə çatdıraq ki, bir müddət öncə yenilənən Bolkartlarda (Bolkart Ailə, Bolkart Gənc, Bolkart Business, Bolkart Diamond, Bolkart Gold) heç bir dəyişiklik olmayıb. Belə ki, onların verilməsi yeni qiymətləndirmə əsasında həyata keçirilir.
Qeyd edək ki, limiti azalan və ya kart hesabı dondurulan köhnə Bolkart sahibləri Yeni Bolkart əldə etmək məqsədilə iş yerindən arayış təqdim etməklə Bankın istənilən filialına müraciət edə bilərlər. Yeni Bolkartların verilməsində müştərinin cari maliyyə vəziyyəti ilə yanaşı, digər banklarda borclanma səviyyəsi də nəzərə alınacaq.
29 fevral tarixinə qədər limiti azaldılan və ya dəyişilməz olaraq qalan müştərilər yeni Bolkart üçün Banka müraciət edərsə, 1-ci ilin illik xidmət haqqından azad olunacaqlar.
“Yapıkredi Bank Azərbaycan”dan isə bildirilib ki, hazırda Worldcard satışında və limitdən istifadədə heç bir məhdudiyyət yoxdur. Əvvəlki qaydalarla müştərilər Worldcard-dan istifadə edə bilərlər.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər