“Bankların bağlanmasındansa, birləşdirilməsi həyata keçirilsin”

banklarin-baglanmasindansa-birlesdirilmesi-heyata-kecirilsin
Oxunma sayı: 1872

Milli Məclisin bugünkü iclasında deputat Vahid Əhmədov bağlanan banklardan danışıb. 

“Qafqazinfo”nun verdiyi xəbərə görə, V.Əhmədov bu qərarı tənqid edərək düzgün olmadığını bildirib: “Mərkəzi Bank dörd banka inzibatçı təyin edib, “Atabank” və “Amrahbank”ın lisenziyalarını ləğv edib. Biz bank sisteminin sağlamlaşdırılmasını gözləyirdik, əksinə bağladırlar. Dövlət addım atanda bunun nəticəsini düşünməli və yekunda bu prosesin xeyirli ya ziyanlı olmasını hesablamalıdır. Bağlanan banklarda 850 milyon manat əmanət var. Bu əmanətlərin ödənilməsi üçün ya büdcədən ya da Mərkəz Bankın vəsaitlərindən istifadə etməlidirlər. Olmazdı ki, həmin Mərkəzi Bankın rəhbərliyi vaxtında həmin bankların rəhbərliyi ilə danışıb, zəruri addımlar atardı. Onlara 250-300 milyon manat yardım edərdi və banklar fəaliyyətinə davam edərdilər.

“Atabank” cinayətkar bir bankdır, vəsaiti xaricə köçürməklə məşğul olub. O bank bağlanadan sonra bununla müəyyən orqanlar məşğul olacaq. Digər banklar normal işləyirdi. Niyə Mərkəzi bank bankların birləşdirilməsi ilə məşğul olmur? Cənab sədr, sizdən xahiş edirəm ki, Mərkəzi Bank və banklarla bağlı onlarla görüşlər keçirib, qərarlar qəbul edək. Dövlət başçısından da xahiş edirəm ki, bankların bağlanmasındansa, birləşdirilməsi həyata keçirilsin”.

Murad Əhməd