Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın “Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş SOCAR “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransının açılış mərasimi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR, o cümlədən SOCAR-ın müxtəlif strukturlarının rəhbərləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edir.
Açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxış edərək beynəlxalq konfransın, ilk növbədə prezident İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən neft strategiyasının banisi, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunduğunu, onun şəxsiyyətinə və səmərəli fəaliyyətinə, bu dahi insanın xatirəsinə böyük hörmət və ehtiramın ifadəsini özündə əks etdirdiyini bildirib. Elmar Qasımov konfransın keçirilməsində məqsədin neft strategiyasının uğurlarını təbliğ etmək, konfransın əhatə etdiyi mövzularla bağlı peşəkar mütəxəssislərin diqqətini Azərbaycanın inkişafına cəlb etmək, müxtəlif ölkələrin nümayəndələri arasında əməkdaşlıq əlaqələri yaratmaq, həmçinin SOCAR və beynəlxalq tərəfdaşlar arasında qarşılıqlı informasiya mübadiləsini təmin etmək olduğunu dedib.
SOCAR-ın birinci vitse-prezidenti, Konfransın Proqram Komitəsinin sədri, akademik Xoşbəxt Yusifzadə Heydər Əliyevin Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərindən söz açaraq beynəlxalq konfransın işində uğurlar arzulayıb.
Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən söz açıblar və konfransa uğurlar arzulayıblar.
Beynəlxalq konfransda iştirak etmək üçün 19 ölkədən 70 nəfər mütəxəssis və ekspertlər Bakıya gəliblər. Azərbaycandan 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq iştirakçı konfransda iştirak edir. Beynəlxalq konfrans 3 gün ərzində 9 sessiyada müxtəlif mövzular üzrə davam edəcək. Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.
Son xəbərlər
Son Xəbərlər