Bakı Ali Neft Məktəbində (BANM) 2015/2016-cı tədris ilinin başlanması münasibəti ilə təntənəli mərasim keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə, BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell də iştirak edib. Tədbiri giriş nitqi ilə açan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2015/2016-cı tədris ilində yüksək bal toplayaraq BANM-in tələbəsi adını qazanmış tələbələri yeni tədris ili münasibəti ilə təbrik edib. O bildirib ki, bu il TQDK-nın ali məktəblərə keçirdiyi qəbulda Ali Məktəb üzrə ümumi minimal bal 659, ümumi orta bal isə 676 olub. I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 tələbədən 3-ü Bakı Ali Neft Məktəbinə qəbul olub. Bu abituriyentlər Qubadlı, Bərdə və Bakı məktəblərinin məzunlarıdır. Bakı Ali Neft Məktəbinə qəbul olmuş abituriyentlərdən 10 nəfəri orta məktəbi qızıl, 2-si gümüş medalla bitirib. Bakıda təhsil almış abituriyentlərin sırasında akademik Zərifə Əliyeva adına liseyin 6, 70 №-li məktəb-liseyin 3, Bakı Avropa liseyinin 3, Kimya-biologiya təmayüllü liseyin 3 məzunu var.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti, millət vəkili Rövnəq Abdullayev Ali Məktəbin kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib. O qeyd edib ki, hər il olduğu kimi, 2014/2015-ci tədris ilində Bakı Ali Neft Məktəbinin fəaliyyəti aktiv olub. Belə ki, beynəlxalq şikətlərlə yeni əməkdaşlıqlara başlamaqla, tədrisin yüksək səviyyədə aparılması üçün müasir texnologiyaların tətbiqini genişləndirməklə və digər yüksək göstəriciləri ilə yeni uğurlara imza atıb.
TQDK-nın sədri Məleykə Abbaszadə çıxış edərək tələbələri test imtahanlarında əldə etdikləri yüksək nəticələrə və Bakı Ali Neft Məktəbinin tələbələri adını qazandıqlarına görə təbrik edib. Məleykə Abbaszadə BANM-in bir çox göstəricilərə görə ali məktəblər arasında lider olduğunu diqqətə çatdırıb. O vurğulayıb ki, BANM çox böyük nəticələr əldə edib, bu il qəbulda minimal bal 659 olub.
BP şirkətinin Azərbaycan-Türkiyə-Gürcüstan üzrə regional prezidenti Qordon Birrell Bakı Ali Neft Məktəbi ilə təmsil etdiyi şirkətin əlaqələrindən söz açaraq, ikitərəfli əməkdaşlığın inkişafından məmnunluğunu bildirib.
Tədbirin sonunda qonaqlar 2015/2016-cı tədris ilində Bakı Ali Neft Məktəbinin tələbəsi adını qazanmış tələbələrə tələbə vəsiqəsi və SOCAR tərəfindən hədiyyə olunan noutbuklar təqdim edilib.

Son xəbərlər
Son Xəbərlər