BANM-də bərpa olunan enerji üzrə ilk dərslik təqdim edildi - Fotolar

banm-de-berpa-olunan-enerji-uzre-ilk-derslik-teqdim-edildi
Oxunma sayı: 1719

Elmar Qasımov və Rövşən Abbasovun ölkədə bərpa olunan enerji üzrə ilk dərslik kitabı çap olunub.

“Qafqazinfo” xəbər verir ki, SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) bp və tərəfdaşlarının dəstəyi ilə hazırlanan “Bərpa olunan enerji ehtiyatlarından istifadəyə giriş” adlı kitabın təqdimat mərasimi keçirilib.

Kitabın müəllifləri coğrafiya elmləri namizədi, dosent Elmar Qasımov və coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasovdur.

Bu kitab Azərbaycanda bərpa olunan enerji mühəndisliyi üzrə Elm və Təhsil Nazirliyinin qrifi ilə çap olunmuş ilk universitet dərsliyidir. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan dərslik pulsuz olaraq təhsil müəsissələrinə təqdim ediləcək.

Bərpa olunan enerji mənbələri sahəsində yerli mühəndislərin hazırlanmasının bünövrəsini qoyacaq bu dərslikdən əlavə, layihənin əhatə dairəsinə bakalavr pilləsindəki tələbələr üçün xüsusi hazırlanmış yeni təlim kursunun yaradılması da daxildir.

Layihənin məqsədi Bakı Ali Neft Məktəbinin bərpa olunan enerji mənbələri üzrə ixtisaslaşan yeni nəsil mühəndislər hazırlanması səylərinə dəstək olmaqdır. Layihə BANM tərəfindən icra olunub.

Təqdimat mərasimində çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, SOCAR-ın ən böyük sosial layihəsi olan Bakı Ali Neft Məktəbi ilə bp və tərəfdaşlarının uğurlu layihələri icra edilib və bu layihələrin hər biri dayanıqlıdır. O, həmmüəllifi olduğu kitabdan bəhs edərək vurğulayıb ki, bu bərpa olunan enerji üzrə ixtisaslaşmış mütəxəssislərin hazırlanması planlarının həyata keçirilməsi istiqamətində Ali Məktəbin atdığı ilk addımdır: “Qərara gəlmişik ki, bu yeni tədris sahəsini bütün ixtisaslar üzrə bakalavr proqramımıza icbari fənn kimi daxil edək və gələcəkdə bərpa olunan enerji mənbələri üzrə magistr dərəcəsi də yaradaq. Bu yeni mühəndislik sahəsində təhsil imkanlarımızı genişləndirmək üçün ilk addımı məhz Bakı Ali Neft Məktəbi atır”.

Sonda video vasitəsilə fikirlərini bildirən kitabın həmmüəllifi Rövşən Abbasov kitabın ərsəyə gəlməsi prosesindən danışıb, bərpa olunan enerji sahəsi üzrə Azərbaycan dilində faydalı mənbə olacağına inandığını bildirib.