BANM-də Kamal Abdullayevlə görüş

banm-de-kamal-abdullayevle-gorus-
Oxunma sayı: 793

Bakı Ali Neft Məktəbində (BANM) Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin BANM-in professor-müəllim heyəti və tələbələri ilə görüşü və onun elmi redaktoru olduğu “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının təqdimatı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov bildirib ki, prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. Bu, olduqca əhəmiyyətli hadisədir, belə ki, müasir dövrdə bu, yalnız Azərbaycan üçün deyil, həm də beynəlxalq aləm üçün böyük əhəmiyyət kəsb edir.

Akademik Kamal Abdullayev Azərbaycanın bilikli, savadlı gənclərinin üstünlük təşkil etdiyi Ali Məktəbdə olmaqdan məmnuluğunu ifadə edib. O, multikulturalizmin tarixindən və multikulturalizm siyasətinin meydana gəlməsindən danışaraq Azərbaycan multikulturalizminin inkişaf perspektivlərindən söz açıb. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu multikulturalizmin Azərbaycanın dövlət siyasətinə və həyat tərzinə, tolerantlığın isə xalqımız üçün demokratik dəyərə çevrildiyinin göstəricisi olduğunu vurğulayıb.

“Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı haqqında söz açan akademik Kamal Abdullayev bu kitabda klassik şair və yazıçılarımızın yaradıcılığının fərqli bir rakursda təqdim olunduğunu bildirib.

Sonra akademik Kamal Abdullayev görüş iştirakçılarının, o cümlədən tələbələrin çoxsaylı suallarını cavablandırıb və müəllifi olduğu, o cümlədən redaktorluğu ilə çıxan müxtəlif kitabları Ali Məktəbin kitabxanasına və tələbələrə hədiyyə edib.

Rektor Elmar Qasımov akademik Kamal Abdullayevə BANM-in “Fəxri qonaq” diplomunu təqdim edib.