BANM-də SAP-ın regional Təlim Mərkəzi yaradılır

banm-de-sap-in-regional-telim-merkezi-yaradilir
Oxunma sayı: 1082

Bakı Ali Neft Məktəbində (BANM) SAP-ın regional Təlim Mərkəzi yaradılır. Bu barədə BANM-in rektoru Elmar Qasımov və SAP-ın Mərkəzi və Şərqi Avropa regionu üzrə prezidenti Ştefan Hoxbauer arasında razılıq əldə olunub.

“Qafqazinfo” xəbər verir ki, Təlim Mərkəzinin yaradılmasında məqsəd SAP Tədris Mərkəzinin akademik nəşrlərinə əsaslanan geniş kitabxana və tədris resurslarından istifadə imkanlarını qazanmaq, qabaqcıl beynəlxalq təcrübələrə əsaslanan müasir tətbiqi proqramların işgüzar prosesin idarə edilməsində istifadə imkanlarını öyrənmək və SAP texnologiyaları əsasında ən yeni layihələrin həyata keçirilməsidir. Tələbələr, həmçinin əlavə kurslarda iştirak edərək onlara SOCAR və ya Azərbaycanda fəaliyyət göstərən başqa şirkətlərdə çalışmaq imkanı yaradan beynəlxalq sertifikatları almaq imkanı qazanacaqlar. Təlim Mərkəzinin fəaliyyəti BANM-in professor - müəllim heyəti və tələbələri ilə yanaşı,, eyni zamanda bütövlükdə region üçün nəzərdə tutulur. 

Beləliklə, BANM sənayeni və müəssisələri yüksək ixtisaslı mütəxəssislərlə təmin edən, bazarın tələblərinə uyğun mütəxəssis təlimi prosesini planlaşdıran və yüksək dərəcəli neft və qaz sənayesi yönümlü mütəxəssislərin əsas təhsil və təlim mərkəzinə çevrilir.

Xatırladaq ki, Bakı Ali Neft Məktəbi (BANM) və SAP arasında imzalanan müqavilə əsasında Bakı Ali Neft Məktəbi SAP Universitetlər Alyansının üzvü oldu. Bu razılaşma Azərbaycanın neft və qaz sənayesindəki gənc mütəxəssislərə dünyanın aparıci neft şirkətlərində işgüzar proseslərin idarə olunmasında müsbət təcrübəni əldə etməkdə yardım edəcək. Həmçinin, ölkə sənayesinin yüksək keyfiyyətli mütəxəssislərlə təmin edilməsi kimi önəmli məqsədə nail olmaq üçün imkan yaradacaq.