BANM-də tədris və tədqiqat mərkəzi yaradıldı

banm-de-tedris-ve-tedqiqat-merkezi-yaradildi
Oxunma sayı: 724

Bakı Ali Neft Məktəbində (BANM) Bərpaolunan enerji mühəndisliyi üzrə tədris və tədqiqat mərkəzi yaradılıb.

Qurumun mətbut xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu mərkəzin qarşısına qoyulan əsas vəzifələr günəş, külək, termal və bioloji enerji mənbələrindən səmərəli istifadə edilməsi istiqamətində elmi-tədqiqatlar apararaq bu sahələrin inkişafının təmin edilməsinə yönəlmiş tövsiyələr işləyib hazırlamaq və “Bərpaolunan enerji mühəndisliyi” ixtisası üzrə müasir tədris proqramları və texnologiyaları əsasında yüksəkixtisaslı mütəxəssislər hazırlamaqdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, son illər ölkəmizdə alternativ və bərpaolunan enerji mənbələrindən istifadə edilməsi istiqamətində əhəmiyyətli layihələr həyata keçirilir və belə enerji mənbələrindən istifadə ilə əlaqəli fənlər bir sıra universitetlərin müəyyən ixtisaslar üzrə tədris proqramlarının çərçivəsində tədris olunur. Lakin BANM-də mütəxəssis hazırlığının planlaşdırıldığı “Bərpaolunan enerji mühəndisliyi” ixtisası kompleks yanaşma əsasında hərtərəfli əsaslı biliklərə və təcrübəyə malik universal mühəndis kadrlarının yetişdirməsini nəzərdə tutur.

Bu məqsədə nail olmaq üçün Bakı Ali Neft Məktəbi Almaniyanın bu sahədə ixtisaslaşmış “E.ON” şirkətinin dəstəyini əldə edərək bu ölkənin Axen Universiteti ilə “Əməkdaşlıq arasında Razılaşma” imzalayıb. Razılaşmada Bakı Ali Neft Məktəbində müvafiq infrastrukturun yaradılması və müvafiq avadanlıqla təchiz olunması, elmi-tədqiqat işlərinin aparılması və mütəxəssis hazırlığında birgə fəaliyyət göstərilməsi əks olunub.