Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə nümayəndəsi xanım Emi Petersen ilə görüşüb.
BANM-dən "Qafqazinfo"ya verilən məlumata görə, rektor BANM-in fəaliyyətində beynəlxalq əməkdaşlığın xüsusi yer tutduğunu vurğulayaraq Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əlaqələri haqqında məlumat verib. O, 2015-ci ilin yanvar ayında ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xaturun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycana səfərini xatırladıb. Elmar Qasımov ABŞ-ın sözügedən universitet nümayəndə heyətinin SOCAR-da və BANM-də keçirilən görüşləri haqqında danışaraq, birgə magistr hazırlığı ilə bağlı iki ali məktəb arasında razılaşma protokolunun imzalandığını da vurğulayıb. Rektor Hyuston Universiteti ilə əməkdaşlığı magistratura səviyyəsində genişləndirməkdə maraqlı olduğunu deyib.
Xanım Emi Petersen ABŞ ilə Azərbaycan arasında təhsil sahəsində əməkdaşlığın inkişafından söz açıb. BANM-in qısa zaman ərzində əldə etdiyi nailiyyətlərindən, o cümlədən ABŞ-ın Hyuston Universiteti ilə əməkdaşlığından məmnun qaldığını deyib.
Görüşdə, həmçinin BANM-lə Hyuston Universiteti arasında professor-müəllim heyəti və magistr tələbələrin mübadiləsi, hər iki ali təhsil müəssisəsində yay kurslarının təşkili və digər məsələlər müzakirə olunub.
Son xəbərlər
Son Xəbərlər