SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) təşkilatçılığı, layihələri idarəetmə sahəsində aparıcı beynəlxalq təlim şirkəti olan “TwentyEighty Strategy Execution” şirkətinin texniki dəstəyi ilə həyata keçirilən ABŞ-nin Dyuk Universitetinin Peşəkar Layihə Menecmenti sahəsi üzrə xüsusi beynəlxalq təlim proqramının (Layihələrin İdarəedilməsi Məktəbi - SPM) növbəti Məzun Günü keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə SOCAR prezidentinin müşavirləri Aygün Hüseynova, Ziba Mustafayeva, bp şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, proqramın məzunları və onların ailə üzvləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən BANM-in rektoru Elmar Qasımov məzunları təbrik edərək bildirib ki, Ali Məktəb ingilisdilli yüksəkixtisaslı, mühəndis kadrlar hazırlamaqla yanaşı, bu cür beynəlxalq səviyyəli təlim proqramlarını da yüksək səviyyədə həyata keçirir. Rektor uğurla həyata keçirilən Layihələrin İdarəedilməsi Məktəbinin indiyədək 240 nəfər məzunu olduğunu və onların müxtəlif yüksək vəzifələrdə çalışdıqlarını əlavə edib.
Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, budəfəki proqramdan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Təhsil İnstitutu (ARTİ), “Azərcell Telekom”, “Xalq Bank” "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, “Rabitəbank” ASC, bp, “Paşa Həyat Sığorta”, GL Tağıyev Əməliyyat Şirkəti, DOST Agentliyi, İnnovasiyalar Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyində müxtəlif rəhbər vəzifələrdə çalışan 22 iştirakçı məzun olub. 8 aylıq kurs müddətində iştirakçılara 7 modul üzrə təlim kursları keçirilib. Təlimlər beynəlxalq səviyyəli peşəkar müəllimlər tərəfindən aparılıb.




Son xəbərlər
Son Xəbərlər