BANM-in tələbələri “Microsoft”un sertifikatını aldılar

banm-in-telebeleri-microsoftun-sertifikatini-aldilar
Oxunma sayı: 1187

Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrasının təşkilatçılığı ilə “Microsoft”un İT Akademiyasını (Microsoft İmagine Academy) uğurla bitirən və BANM-də keçirilmiş “Robototexnika” yarışının qalibi olmuş “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan II və III kurs tələbələrinə sertifikatlar təqdim olunub.

Məktəbin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, tədbirdə Azərbaycan Respublikasının Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov, “Microsoft” şirkətinin Təhsildə əməkdaşlıq üzrə meneceri Emin Axundov və Strateji həllər üzrə mütəxəssis Qaçay Mirzəyev, BANM-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

BANM-in rektoru Elmar Qasımov tələbələrin peşəkar mühəndislər kimi formalaşması istiqamətində BANM-də zəruri işlər aparıldığını və əhəmiyyətli addımlar atıldığını vurğulayaraq, onların nailiyyətlərinin ildən ilə artacağına əmin olduğunu deyib.

Milli Məclis Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri Şahin Həsənov Ali Məktəbdə tələbələr üçün yaradılan şəraitin onların mütəxəsis kimi formalaşmasında böyük zəmin yaratdığını vurğulayıb.

Sonda “Microsoft”un sertifikatlaşdırılmış kurslarını başa vurub imtahandan uğurla keçən “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisası üzrə təhsil alan 2-ci və 3-cü kurs tələbələrinə “Software Development Fundamentals” sertifikatları və BANM-də keçirilən “Robototexnika” yarışında qalib gələn tələbələrə sertifikatlar təqdim edilib.