Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Emilya Məmmədovanın Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 6-cı qrant müsabiqəsində qalib gəldiyi layihəsi əsasında “Public Speech” (Ictimai danışıq) adlı iki günlük təlim keçirilib. “Qafqazinfo” xəbər verir ki, layihənin təlimçisi BANM-in “Neft-qaz mühəndisliyi” ixtisasının III kurs tələbəsi Zərifə Orucova olub.
Tədbirdə Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov iştirak ediblər. Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Prezident c İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılmasının yaradıcı gənclərin ideyalarını layihə formatında maliyyələşdirərək həyata keçirməyə imkan verdiyini deyib. O bildirib ki, BANM-in tələbələri bu layihələrin həyata keçirilməsi üçün oz ideyalarını və təşəbbüslərini irəli sürürlər, müstəqil şəkildə icra edirlər.
Rektor Elmar Qasımov “Neft-qaz mühəndisliyi” ixtisasında təhsil alan III kurs tələbəsi Emilya Məmmədovanın layihəsinin nitq mədəniyyətinin inkişaf etdirilməsi üçün çox vacib bir layihə olduğunu vurğuladı. Elmar Qasımov BANM-in yuxarı kursları üçün nitq mədəniyyəti üzrə dərslərin keçirilməsinin planlaşdırıldığını bildirib.
Xatırladaq ki, “Public Speech” (Ictimai danışıq) adlı layihənin əsas məqsədi gənclərin ingilis dilində ictimai danışıq bacarıqlarını inkişaf etdirmək, liderlik xüsusiyyətlərini aşılamaq, müxtəlif mövzularda müasir təqdimat üsullarını öyrətmək, ali məktəblərin tələbələrini bir araya gətirərək, onların fəal ictimai fəaliyyətləri ətrafında müzakirələr aparmaqdır.
Son xəbərlər
Son Xəbərlər