Banqladeş polisi beş rusiyalının ölümü ilə bağlı təhqiqata başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “United News of Bangladesh” xəbər yayıb. Bildirilir ki, ölən Rusiya vətəndaşları tikilməkdə olan “Ruppur” AES-də işləyirmiş. Onların hamısı son 11 gündə müxtəlif şəraitdə dünyasını dəyişib.
KİV-in məlumatına görə, yanvarın 28-də 48 yaşlı şəxs yerli xəstəxanada müalicə olunarkən dünyasını dəyişib. Daha sonra, fevralın 2-də daha bir rusiyalı (40 yaş) ölüb. Üç gün sonra Rusiya Federasiyasının üçüncü vətəndaşı, səhhəti qəfil pisləşdikdən sonra xəstəxanaya yerləşdirilən 48 yaşlı mühəndis-mexanik dünyasını dəyişib. Dördüncü rusiyalı işçi (59 yaşlı) həmin gün mənzilinin yanındakı pilləkəndə ölüb. Fevralın 6-da həmin mənzildə beşinci Rusiya vətəndaşı (45 yaşlı) ölü tapılıb. Yerli polis rəisi bildirib ki, ölənlərin meyitlərinin tibbi ekspertizası nəticəsində şübhəli heç nə aşkar edilməyib.
“Rosatom” onların layihəsi əsasında tikilən AES-in işçilərinin ölüm səbəbləri ilə bağlı nəticə çıxarmağa tələsməməyə çağırış edib:
“Təəssüf ki, bu faciələrlə, ölümün səbəbləri ilə bağlı sosial şəbəkələrdə və mediada fərziyyələr ortaya atılıb ki, bu da yalnız araşdırmanın nəticələrinə əsasən müzakirə oluna bilər. Hazırda biz ölüm səbəblərini müəyyən etmək üçün çalışan istintaq qrupu ilə əməkdaşlıq edirik”, - Rusiya dövlət korporasiyasının bəyanatında deyilir.
Banqladeş və Rusiya arasında 2011-ci ilin noyabrında ilk Banqladeş AES – “Ruppur” tikintisində əməkdaşlıq haqqında saziş imzalanıb. Atom elektrik stansiyasının ərazisi Qanq çayının şərq sahilində, Banqladeşin paytaxtı Dəkkədən təxminən 160 km şimal-qərbdə yerləşir. Layihənin dəyəri 2 milyard dollardan çox qiymətləndirilib. Rusiya tikinti üçün 500 milyon dollar kredit ayırıb.
Son xəbərlər
Son Xəbərlər