Barat Şəkinskayanın yubileyi qeyd olunub

barat-sekinskayanin-yubileyi-qeyd-olunub-
Oxunma sayı: 996



“Qafqazinfo”nun məlumatına görə, teatr xadimləri və bir sıra tanınmış aktyorların iştirak etdiyi tədbirdə Barat Şəkinskayanın həyat və fəaliyyətindən geniş söhbət açılıb. “Milli Mədəniyyətin Təbliği” İctimai Birliyinin sədri Jalə Cəfərova bildirib ki, milli teatrımızın səhnəsində neçə-neçə sənətkar olub, amma onların arasında elələri var ki, həqiqətən də əfsanə idilər: “Barat Şəkinskaya da o əfsanələrdəndir. Barat xanımın xasiyyətində genetik koddan gələn zadəganlıq vardı, o, xəbislik, paxıllıq nədir bilməzdi”.

Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov isə sənət yolundakı çətinliklərə baxmayaraq, Barat Şəkinskayanın bütün maneələri asanlıqla dəf etdiyini bildirib. O, mərhum aktrisanın məlahətli səsindən, özünəməxsus xarakterindən danışıb.

Xalq artisti Hacı İsmayılov və teatrşünas Məryəm Əlizadə də B.Şəkinskaya ilə bağlı maraqlı xatirələrini bölüşüblər. Bildiriblər ki, ona verilən Barat adı onun taleyini müəyyənləşdirib. Ərəbcə bərat - bədirlənmiş ay deməkdir. Mənası isə paklıq və təmizlikdir. Barat xanım da bütün ömrü boyu pak və saf insan olub.

Tədbirdə qeyd olunub ki, Barat xanım muğam dinləməyi çox sevirdi. Bu səbəbdən də gənc muğam ifaçıları tədbir iştirakçıları üçün “Qarabağ şikəstəsi”ni səsləndiriblər. 
Anım mərasimində Barat Şəkinskayanın səs, foto və videogörüntülərini əks etdirən materiallar da iştirakçılara təqdim olunub.