““Barselona” deyilik ki, kimisə biabır edək” - Nizami Hacıyev

barselona-deyilik-ki-kimise-biabir-edek
Oxunma sayı: 718

“Mladost” evdə daha yaxşı görünürdü. Rəqib onda qorxulu idi. Amma biz səfər matçında da çox yaxşı oynayaraq gözəl qollar vurduq. Serblərin keçən oyuna nisbətən əlverişli qol imkanları olmadı. Bu gün də layiqli qələbə qazandıq”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri “İnter”in kapitanı Nizami Hacıyev Avroliqanın I təsnifat mərhələsində “Mladost”a 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli futbolçunun sözlərinə görə, ikinci hissədə meydanda tam gücləri ilə çıxış edə bilməyiblər: “Fasilədən sonrakı “boşalma” hesaba görə idi. Rəqib 10 nəfərlə qaldığından, ümumi nəticədə 4:0 hesabı ilə öndə olduğumuzdan bilirdik ki, 95 faiz işimizi görmüşdük. Biz hələ “Barselona” deyilik ki, kimisə biabır edək”.

Nizami bugünkü matçda vurduğu qolu iyulun 4-də erməni vandalizminin qurbanı olan 2 yaşlı Zəhraya həsr etdiyini söyləyib: “Qolu şəhid olmuş balamıza həsr edirəm. Allah bu dərdi heç kimin başına gətirməsin. Hər kəs üçün ağır itkidi. Oyundan qabaq o uşağın şəklinə baxıb pis olmuşdum. Allah onun ruhunu şad eləsin. Düşünürəm ki, bu qan yerdə qalmayacaq”.