Baş Gömrük İdarəsinin əməkdaşları üçün təlim

Baş Gömrük İdarəsinin əməkdaşları üçün təlim
Oxunma sayı: 858

Oktyabrın 8-də Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları üçün xidmət səviyyəsinin daha da yüksəldilməsi məqsədilə sonuncu təlimlərin keçirilməsinə başlanılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, “Vətəndaş məmnuniyyəti, effektiv ünsiyyət texnikaları və korrupsiya əlamətli davranışlarla mübarizə üsulları” mövzusunda keçirilən təlimin məqsədi gömrük orqanlarının fəaliyyətinin tərbiyəvi əhəmiyyətinin təşviqi, vətəndaşlarla işləmə və qarşılıqlı ünsiyyət qurma bacarıqlarının təkmilləşdirilməsi, işgüzar mühitdə kommunikativ səriştəliliyin artırılması istiqamətində zəruri biliklərin verilməsidir.

Təlimdə çıxış edən Dövlət Gömrük Komitəsinin Gömrük Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin rəisi Şahin Ələsgərov bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında biznes mühitin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq Dövlət Gömrük Komitəsinin üzərinə bir sıra öhdəliklər və tapşırıqlar düşür. 

Daha sonra təlim başlayıb. 4 gün davam edəcək təlimi, peşəkar psixoloq və təcrübəli müəllimlər-Azad İsazadə və Orxan Oruczadə aparırlar. Təlim müddətində əsasən “Müasir vətəndaş kimdir və nə istəyir?”, “Yerli və xarici vətəndaşların ortaq və fərqli cəhətləri, ünsiyyət zamanı yerli və xarici turistlər tərəfindən korrupsiya əlaməti kimi qavranılan məqamlar və korrupsiyanın sosial-iqtisadi sahəyə mənfi təsirləri”, “Vətəndaşla münasibətlərin idarə olunması, xitabetmə, sualvermə, izahetmə və dinləmə texnikaları”, “Çətin vətəndaşlarla iş texnikaları və şikayətlərin idarə olunması, stresli və münaqişəli vəziyyətlərin idarə olunması, qısa müddət ərzində pozitiv münasibətlərin qurulması bacarıqları, danışıqların sonlandırılması” adlı mövzular tədris olunacaq.

Xatırladaq ki, təlimlərə avqustun 19-da başlanılıb və ölkənin 5 əsas quru gömrük-sərhəd buraxılış məntəqəsində və Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət keçən 500-dək gömrük əməkdaşını əhatə edib.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi