Baş nazir büdcənin əsas prioritetlərini açıqladı

bas-nazir-budcenin-esas-prioritetlerini-aciqladi
Oxunma sayı: 2055

Bu gün Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Milli Məclisdə Büdcə haqqında qanun layihəsinin üçüncü oxunuşda müzakirəsində iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, büdcə haqqında qanun təsdiqləndikdən sonra Baş nazir çıxış edib.

“Təqdim olunan 2022-ci il dövlət büdcəsi miqyasına görə - istər gəlir və xərclərin həcminə, istər sosialyönümlülüyünə görə müstəqil Azərbaycanın ən böyük büdcəsidir.

Böyük Qələbədən sonra yaranmış siyasi və sosial-iqtisadi şəraitin şərtləndirdiyi yeni çağırışlar təbii olaraq əsas maliyyə sənədimiz olan dövlət büdcəsinin layihəsində nəzərə alınıb.

Xüsusilə vurğulamaq istərdim ki, Hökumət növbəti ildə də

- iqtisadi fəallığın təmin edilməsini;

- makroiqtisadi sabitliyin qorunmasını və milli valyutanın məzənnəsinin dayanıqlığının artırılmasını;

- sosial müdafiə və pandemiya ilə mübarizə tədbirlərinin ardıcıl davam etdirilməsini;

- işğaldan azad olunmuş ərazilərin bərpasını, yenidənqurmasını və ölkə iqtisadiyyatına reinteqrasiyasını;

- ölkəmizin hərbi qüdrətinin daha da artırılmasını;

- təhsil və səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğun inkişaf etdirilməsini;

- ərzaq təhlükəsizliyinin təmin edilməsini;

- iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyasını əsas prioritet vəzifələr kimi müəyyən edib”.