“Baş Nazirlə müzakirələr aparmışıq”

bas-nazirle-muzakireler-aparmisiq
Oxunma sayı: 1927

“Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi ilə əməkdaşlıq sayəsində virtual məktəbdə qeydiyyatdan keçən 50 minə yaxın müəllimə “Azercell” şirkəti güzəşt tətbiq edəcək.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib. 

O bildirib ki, digər operatorlara bununla bağlı müraciət olunub, onlardan da müsbət cavab gözlənilir: “Yumşaldıcı tədbirlər zamanı təhsil sektoru ilklərdən ola bilməz. Bu müddət ərzində maksimum şəkildə məzmunun şagirdlərə çatdırılması, ehtiyac olarsa, növbəti aylar ərzində onlayn rejim üçün dəstəkləyici amillərdən istifadə etmək lazımdır. Növbəti tədris ilində şagirdlərin normal qaydada təhsilə davam etməsi prioritet məsələdir”.

Nazir əlavə edib ki, ali təhsil müəssisələrində tələbələrin qiymətləndirilməsi ilə bağlı normativ aktların hazırlanması üçün müzakirələr aparılır: “Bu barədə ölkənin Baş Naziri ilə müzakirə aparmışıq. İlkin olaraq bu çevik addımlardan istifadə olunacaq”.

O qeyd edib ki, müəllimlərin işə qəbuluna qeydiyyat onlayn formada olacaq, işə qəbul mərhələsi isə iyul ayındakı vəziyyətə uyğun olaraq keçirilə bilər.

Murad Əhməd