Ötən gün vətəndaş Ağayev Damət Ağakişi oğlu sosial media səhifələrində prokurorluq orqanlarına ünvanladığı şikayətinə baxılmamasına dair məlumatlar yayıb.
“Qafqazinfo” xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti bununla bağlı açıqlama yayıb.
Bildirilib ki, Damət Ağayevin “Aslan” Mənzil Tikinti Koperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərinə dair 2018-ci ildən etibarən etdiyi müraciətləri əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb: “Belə ki, vətəndaş Lalə Dünyamalıyeva 10 iyun 2006-cı il tarixli müqavilə əsasında “Aslan” MTK-dan mənzil alıb 2018-ci ildə nikaha daxil olduqdan sonra əri Damət Ağayev həmin MTK-nın vəzifəli şəxsləri barədə prokurorluq orqanlarına müraciət ünvanlamış və ərizədə göstərilən hallar yoxlanılarkən şikayətin mülki xarakterli olması müəyyən edilib.
Eyni zamanda müəyyən edilib ki, Damət Ağayevin həmin xüsusatlarla bağlı mülki iddiasına Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılıb və Məhkəmənin 29 mart 2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin olunmayıb.
Bundan başqa, ötən müddət ərzində Damət Ağayev Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən 6 dəfə, Baş Prokurorluq və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəhbərliyi və digər əməkdaşları tərəfindən isə dəfələrlə qəbul edilərək dinlənilib, şikayətində göstərdiyi hallar yoxlanılaraq ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah olunub, buna baxmayaraq o, prokurorluq orqanlarının fəaliyyətinə aid olmayan məsələlərlə müraciətlərini davam etdirib və qəbullar zamanı qurumun iş fəaliyyətini pozmağa cəhd edib.
Odur ki, vətəndaş müraciətləri ilə bağlı məsələlər dərc olunarkən həssaslıq nümayiş etdirilməklə rəsmi dövlət qurumları ilə dəqiqləşdirmə aparılması xahiş olunur”.