Baş prokuror türkiyəli məmurlara zəng etdi

bas-prokuror-turkiyeli-memurlara-zeng-etdi
Oxunma sayı: 1499

Kamran Əliyevlə Türkiyənin Ədliyyə naziri Abdulhamit Gül, Baş prokuroru Bekir Şahin və Ali Məhkəməsinin sədri Mehmet Akarca arasında telefon danışığı baş tutub. 

Baş Prokurorluqdan “Qafqazinfo”ya verilən məlumata görə, Kamran Əliyev Türkiyə Respublikasının milli bayramı – Cümhuriyyətin elan olunmasının 97-ci ildönümü münasibətilə həmkarlarını təbrik edib, onlara firavanlıq arzularını çatdırıb.

Baş Prokuror Ermənistan rəhbərliyinin göstərişi ilə düşmənin silahlı qüvvələrinin dinc əhalimizə qarşı törətdiyi cinayətlər, o cümlədən 27  və 28 oktyabr tarixlərində mülki əhalinin sıx yaşadığı Azərbaycanın Bərdə şəhərinə raketlərin atıldığını və nəticədə 25 nəfərin həlak olduğunu, 82 nəfərin yaralanması, çoxsaylı yaşayış evləri və mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyməsi barədə həmkarlarını məlumatlandırıb. 

Türkiyəli həmkarları öz növbəsində Ermənistanın Azərbaycana yönəlmiş terror əməlləri ilə əlaqədar həlak olanların ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək yaralananlara Allahdan şəfa diləyiblər.

Ermənistanın Azərbaycana yönəlmiş terrorçu hücumlarına görə cavab verməli olduğunu bildirən həmkarlar Ermənistanın oktyabrın 27-si və 28-i tarixlərində Bərdə şəhərinin dinc sakinlərini hədəfə alaraq raket zərbələri endirməsini kəskin pisləyib, Türkiyənin daim Azərbaycanın yanında olacağını nəzərə çatdırıb.