Baş Prokurorluq Binəqədidəki oğrularla bağlı məlumatı təkzib etdi

bas-prokurorluq-bineqedideki-ogrularla-bagli-melumati-tekzib-etdi
Oxunma sayı: 2754

Baş Prokurorluq paytaxtın Binəqədi rayonu ərazisində avtomobillərdən oğurluq edən şəxslərin cinayət məsuliyyətindən azad olunmalarına dair KİV-də yayılan məlumatlarla bağlı açıqlama yayıb. 

"Qafqazinfo" xəbər verir ki, məlumatda deyilir: 

"İctimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib olunur.

Belə ki, fevralın 22-də İbrahim Məmmədov tanışı Abdul Musazadə və istintaqa “Fuad” adı ilə məlum olan şəxslə qabaqcadan əlbir olaraq Binəqədi rayonu ərazisində bir neçə maşının şüşələrini sındıraraq müxtəlif əşyalar oğurlayıblar.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən İ.Məmmədov fevralın 24-də Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və üzərində qanunsuz əldə edib saxlamaqla daşıdığı narkotik vasitə aşkar edilərək götürülüb.

Fevralın 25-də İ.Məmmədovun barəsində Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 (oğurluq) və 234.1-ci (narkotik vasitələrinin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanmış və o, iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Martın 17-də müdafiə tərəfinin vəsatəti əsasında rayon məhkəməsi tərəfindən İ.Məmmədov barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Məhkəmənin həmin qərarından rayon prokuroru tərəfindən protest verilib.

Cinayətin digər iştirakçısı A.Musazadə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə digər təqsirli şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".