Baş Prokurorluqda könüllülərlə görüş keçirildi - Fotolar

bas-prokurorluqda-konullulerle-gorus-kecirildi
Oxunma sayı: 2071

“Könüllüllər ili” çərçivəsində Baş Prokurorluqda gənclərlə keçirilən görüşdə universitet tələbələri çıxış edib.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Dövlət Universitetinin magistr pilləsi üzrə II kurs tələbəsi E.Musayev çıxışında bildirib ki, ümummilli lider Heydər Əliyevin miras qoyduğu müdrik dövlətçilik ənənəsinin və gənclər siyasətinin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə təsdiq və icra olunan proqram və strategiyalar gənclərə dövlət qayğısının göstəricisidir.

Baş prokuror tərəfindən 6 fevral 2019-cu il tarixdə təsdiq edilmiş “Azərbaycan Respublikasının prokurorluq orqanlarında ictimai köməkçilərin fəaliyyəti haqqında” Təlimata uyğun olaraq prokurorluq orqanlarının fəaliyyətində ictimai köməkçi qismində iştirak etmək üçün Baş Prokurorluğa müraciət etdiyini bildirən E.Musayev qısa müddət ərzində onun müraciətinə baxıldıqdan sonra fəaliyyətə başlaması üçün müvafiq şəraitin yaradıldığını məmnunluq hissi ilə ifadə edib.

Çıxışının sonunda E.Musayev könüllülük əsasında prokurorluq orqanlarında ictimai köməkçi qismində fəaliyyət göstərən gənclərin adından onların fəal iştirakı üçün şərait yaratdıqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Baş Prokurorluğun rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Görüşdə, həmçinin Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin IV kurs tələbəsi Aygün Hacıyeva çıxış edib. Çıxış edən könüllü A.Hacıyeva ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasətinin gələcək nəslin intellektual səviyyəsinin artmasına olduqca müsbət təsir göstərdiyini vurğulayıb. Çıxışının sonunda A.Hacıyeva gənclərə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına, eləcə də gələcək peşə seçimində doğru yolu seçmək və fəaliyyət istiqamətinə uyğun olaraq zəngin iş təcrübəsi toplamaq məqsədilə bilik və bacarıqlarını gənclərlə bölüşdüklərinə görə prokurorluq işçilərinə təşəkkürünü bildirib.