Baş redaktorun səhhətində ciddi problemlər yaranıb

bas-redaktorun-sehhetinde-ciddi-problemler-yaranib
Oxunma sayı: 634

Bu barədə “Qafqazinfo”ya vəkil Elçin Namazov məlumat verib. Vəkil bildirib ki, buna səbəb MTN-nin səlahiyyətlərini aşmasıdır: “Cinayət Məcəlləsin 228.1-ci və 234.1-ci maddələri ilə istintaq aparmaq səlahiyyəti Daxili İşlər Nazirliyinə verilib. Buna baxmayaraq, R. Bayramovun bu maddələrlə ittiham olunmasına dair cinayət işi hələ də MTN-də aparılır. Biz işin aidiyyətı üzrə göndərilməsi barədə vəsatət vermişik. Vəsatətin verilməsindən 4 gün ötməsinə baxmayaraq, hələ də cavab verilmir. Bu özbaşınalıq barədə Baş Prokurorluğun nümayəndəsi ilə söhbətimiz olub. Nümayəndə söz verdi ki, bu barədə rəhbərliyə məruzə edəcək. Lakin həmin məruzədən də heç nə əldə olunmadı. Sonda bu qərara gəldik ki, istintaqda iştirakdan imtina edək. Bununla bağlı rəsmən istintaqa məlumat vermişik”.

E. Namazov həmçinin bildirib ki, R. Bayramovun səhhətində ciddi problemlər yaranıb: “Ramin Bayramov hazırda qanazlığından və davamlı başgicəllənmələrdən əziyyət çəkir. Təcridxana onun bu vəziyyətinə laqeydlik nümayiş etdirir”.

Vəkilin sözlərinə görə, Bayramova qarşı yaradılmış ən ciddi problemlərdən biri də, onun saatla təmin edilməməsidir. Bayramov namaz qılan və oruc tutan şəxs olduğu üçün vaxtı təyin edə bilmədiyini qeyd edib: “Adi plastik saat vermək istəyirdik. Lakin təcridxanadan bildirildi ki, buna imkan verilməyəcək. Daha sonra xahiş etdik ki, heç olmasa Bayramovun saxlandığı kameranın qarşısına saat asılsın ki, vaxtı bilsin. Buna da imkan verilmədi. Hesab edirik ki, bu vicdan azadlığının bilərəkdən pozulmasıdır”.

E. Namazov qeyd edib ki, istintaq tərəfindən yol verilən özbaşınalıqlar və ümumiyyətlə Bayramovun üzləşdiyi problemlər barədə müraciət hazırlayır. Müraciət yerli və beynəlxalq jurnalist təşkilatlarına, insan haqlarını müdafiə edən təşkilatlara və Azərbaycandakı diplomatik nümayəndəliklərə ünvanlanıb. Hazırda müraciətin ingilis dili variantının hazırlanması prosesi gedir. Müdafiə tərəfi hazırda ciddi dəstəyə ehtiyac duyduğunu və müraciətə müsbət yanaşılacağına ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, islam-azeri.com internet qəzetinin baş redaktoru Ramin Bayramov hazırda Cinayət Məcəlləsinin 228.1-ci və 234.1-ci maddəsi ilə ittiham olunur. Jurnalist hər iki ittihamı qanunsuz sayır və bunun internet qəzetdəki fəaliyyətilə bağlı olduğunu qeyd edir.

Səidə