“Qafqazinfo” ya daxil olan məlumata görə, icra başçısı bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hesabat ilində rayonumuzda xeyli iş görülmüş, bütün sahələrdə sosial-iqtisadi göstəricilər yaxşılaşmış, əhalini narahat edən problemli məsələlərin çoxu öz müsbət həllini tapıb. 2012-ci ilin 7 oktyabrında ölkə prezidentinin rayona səfəri, görülən işlərlə tanış olması, bir sıra obyektlərin açılışında iştirak etməsi, ictimaiyyət nümayəndələri ilə görüşməsi və rayonun sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi məqsədilə əlavə tədbirlər haqqında müvafiq sərəncam imzalaması növbəti ildə zərdablıları daha yaxşı işləməyə ruhlandırıb
İl ərzində rayonda 99,9 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki ildən 3,4 faiz çoxdur. Hesabat ilində Rayon Polis Şöbəsi üçün yeni inzibati bina, Çallı, İsaqbağı, Aşağı Seyidlər kəndlərində məktəb binaları tikilib istifadəyə verilib. Zərdab-Əlvənd-Mollakənd avtomobil yolunun 0-26 km hissəsində tikinti işləri başa çatdırılıb, yola müasir standartlara cavab verən ikinci qat asfalt örtük döşənib. Nazirlər Kabinetinin 30.12.2012-ci il tarixli 374s saylı sərəncamına əsasən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi üçün 2-ci mərhələdə ayrılmış vəsait həcmində işlər başa çatdırılıb. “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Zərdab aqroservis filialı üçün inzibati bina, taxıl və gübrə anbarı, Baytarlıq idarəsinin binası, Suvarma Sistemləri İdarəsinin həyətində regional ofis binası, süd məhsulları emalı zavodu istifadəyə tam hazırdır. 17 kənddə su birlikləri üçün inzibati binalar tikilib. Bütövlükdə 2013-cü ildə rayonda 32,6 milyon manatlıq tikinti-quruculuq işləri görülüb. Rayonda 10 yaşayış məntəqəsi qazlaşdırılıb. Daha 8 kəndin qazlaşdırılmasında son tamamlama işləri aparılır. Mərkəzi xəstəxananın əsaslı yenidən qurulması davam etdirilir. Zərdab şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması layihəsinin birinci mərhələsi yekunlaşıb. Hazırda 2233 ailə təmiz içməli su ilə təmin olunub. Hesabat ilində rayonda təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində də yüksək uğurlar əldə olunub.
Ötən il vətəndaşların ərizə və şikayətlərinə baxılması sahəsində də xeyli irəliləyiş olub. Prezident Administrasiyasının sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun imzası ilə “Azərbaycan” qəzetinin 13-14 fevral 2014-cü il tarixli nömrələrində dərc olunan “Ölkə Prezidentinin qayğısından, davamlı inkişafdan, real tərəqqidən və parlaq gələcəyə inamdan qaynaqlanan vətəndaş müraciətləri” sərlövhəli yazı Rayon İcra Hakimiyyətinə geniş müzakirə olunub. 2012-ci illə müqayisədə 2013-cü ildə 59 şəhər və rayonda, o cümlədən Zərdab rayonunda icra hakimiyyətlərinin fəaliyyəti mövzusunda müraciətlər azalıb. Həmçinin 2013-cü ildə vəzifəli şəxslərin fəaliyyəti ilə bağlı müraciətlərin 21 rayonda, o cümlədən Zərdab rayonunda da azalması müsbət hal kimi dəyərləndirilib. Prokurorluq orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərin azaldığı 22 rayondan birinin də Zərdab olması vətəndaşların müraciətlərinə baxılması sahəsində işlərin yaxşılaşdırılmasının göstəricisidir.
Rayonun 2014-cü il üçün sosial-iqtisadi inkişafına dair kompleks tədbirlər planı təsdiq olunub.
Son xəbərlər
Son Xəbərlər