Milli Məclisin bu gün keçirilən iclasında yenidən hazırlanmış “Hərbi vəziyyət haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, layihəni təqdim edən birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, birinci oxunuş zamanı millət vəkillərinin verdiyi təkliflər araşdırılıb. Millət vəkillərinin səsləndirdiyi bir sıra təkliflər qəbul edilməyib.
Fazil Mustafa bildirib ki, qanun layihəsində texniki cəhətdən çoxlu mötərizələr işlədilib: “Bu, texniki baxımdan düzgün deyil. “Faktiki işğal edildikdə” ifadəsində də faktiki sözü çıxarılmalıdır. Çünki virtual işğal olmur”.
Z. Əsgərov F. Mustafanın “faktik işğal edildikdə” ifadəsinin qanun layihəsindən çıxarılmasına təklifinə belə reaksiya verib. O qeyd edib ki, Konstitusiyanın 111- ci maddəsində də faktik işğal ifadəsi işlədilib: “Başın qarışıb ədəbiyyata, hüquq yadından çıxıb. Qanun layihəsində hər şey qeyd olunub. Dəqiq oxumaq lazımdır”.
Qeyd edək ki, yeni layihə 6 fəsil 27 maddədən ibarətdir. Hazırda qüvvədə olan qanunda göstərilir ki, ölkədə hərbi vəziyyətin elan olunması ilə bağlı dövlət başçısı parlamentə müraciət edir və Milli Məclis 72 saat ərzində bu məsələyə baxıb qərarını verir. Yeni qanun layihəsində bu müddət 48 saata endirilib. Qanunda əks olunan digər məsələlər isə hərbi vəziyyətin elan olunması zamanı bütün qurumlarda hərbi rejim qaydalarının tətbiqi ilə bağlıdır.
Qanun layihəsində həmçinin qeyd olunur ki, ölkədə hərbi vəziyyət elan olunan zaman hərbi senzura tətbiq edilir. Hərbi senzura - kütləvi informasiya vasitələrinin məlumat və materiallarının hərbi idarəetmə orqanları, dövlət orqanları və onların vəzifəli şəxsləri ilə əvvəlcədən razılaşdırılması, dövlət sirri təşkil edən məlumatların qeyri-qanuni yayılmasının qarşısının alınması məqsədi ilə yazışma, televiziya və radio yayımına, telefon və radio danışıqlarına nəzarətin həyata keçirilməsindən ibarətdir.
Son xəbərlər
Son Xəbərlər