Vətən müharibəsindən sonra Azərbaycan dövlətinə və xalqına münasibət və baxışlar tam dəyişib. Hər şeydə və hamıda çox böyük fərq var, hətta düşüncəmizdə, yerişimizdə, danışığımızda və gülüşümüzdə də!
Prezident də sanki, regionu və dünyanı bu dəyişikliklərə və yeniliklərə alışdırmaq və qəbullandırmaq üçün gecə-gündüz çalışır!
Adam üç il yarımdır ki, istirahət etmədən, yorulmadan və usanmadan işləyir!
Əslində mahiyyətcə öz ərazilərimizdə genişmiqyaslı antiterror əməliyyatları olan ikinci Qarabağ müharibəsinin ilk günündən başlayaraq bu günə qədər mən Prezidentin hər addımını izləməyə çalışıram. Hər çıxışına diqqətlə qulaq asıram. Adam hər addımı, hər çıxışı və hətta hər sözü ilə tarix yazır.
Ən son birini də 10 mayda, atasının və müasir müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyevin doğum günündə yazdı. Özü də Şuşada. Bir neçə dəfə yazılarımda qeyd etmişəm ki, Heydər Əliyev öz xalqına iki böyük miras qoyub, biri müasir müstəqil Azərbaycan, biri də çox güclü Lider İlham Əliyev!
Müqayisə etsək, bu iki mirasın daha önəmlisi və vacibi dahi şəxsiyyətin yetişdirib xalqına bəxş etdiyi güclü Liderdir. Məhz o güclü Liderin sayəsində Azərbaycanın siması və mahiyyəti dəyişdi, tarixi zəfəri reallaşdı, bütövlüyü və suverenliyi təmin olundu.
Paytaxt Bakının simasını tam dəyişən müasir binalarından, tunellərindən, küçələrindən və yollarından tutmuş Qarabağ və Şərqi Zəngəzurdakı hava limanlarına, müasir infrastruktura, möhtəşəm tikililərə və Ermənistanla sərhədin təməli hesab olunan dirəklərə qədər hər şey Prezident İlham Əliyevin adı ilə bağlıdır. On, yüz və hətta minilliklər keçəcək, ancaq Azərbaycanın bu möhtəşəm tarixinin müəllifinin İlham Əliyevin olması faktı heç vaxt keçməyəcək!
Azərbaycanın beynəlxalq nüfuzunu və tanıtımını dəfələrlə artıran Avropa Oyunları, Avroviziya qalibiyyəti, Formula 1 yarışları, Qoşulmama Hərəkatı, COP-29 kimi möhtəşəm tədbirlər də Vətən müharibəsindəki tarixi Zəfərimiz kimi Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.
Bütün çıxışlarında qələbəmizə görə əsgər və zabitlərimizə, şəhid və qazilərimizə borclu olduğumuzu desə də, onların önündə gedən sərkərdə haqqında fikir bildirməyi təvazökarlığa zidd hesab edir. Ancaq ölümün gözünə dik baxan əsgər və zabitimizə o silahı verən, cəsarəti və qorxmazlığı aşılayan, onlara döyüş meydanında etdiyi rəhbərliklə paralel digər cəbhələrdə də uğurlu manevrlər edən məhz O idi və yenə də Odur!
Bunların hamısı və daha çoxu gözümüzün və dünyanın gözü qarşısında baş verdi və hamı bunları gördü. 10 maydan başlayaraq Şuşada yenə baş verənlər var, özü də inanılmaz tarixi hadisələr. Şuşalılar 32 ildən sonra yenə də Şuşalılaşmağa başladılar. Şuşaya köç səhnəsinin müşahidəsi insana sanki, mənfur düşmənin qurutduğu dəryanın xalqımızın lideri tərəfindən yenidən su ilə doldurulub oranın tarixi sakinlərini ora buraxmaqla onlara həyat verməsini xatırlatdı. Şuşanı yenidən canlandıran Lider onun yüksəkliklərindən bütün regiona, hətta uzaq Parisə və digər paytaxtlara qədər uzanan səslə yeni mesajlar verdi.
Bu gün Azərbaycana qarşı minbir oyunların qurulduğu paytaxtların təhlükəli planlarının, Gürcüstanda qurduqları oyunun uğursuzluğunun, sülh prosesinin irəlilədiyi məqamda Ermənistanda ağ paltarlı mələk cildinə girmiş mitinqbaz şeytanın oyunlarının və Xarici işlər nazirlərimizin Qazaxıstanda Sülh Sarayının sütunlarını bərkitməklə bağlı görüşü ərəfəsində Prezident yenə də qəti sözünü dedi. Özü də hər şey barədə elə hər şeyi dedi. Adam bir də dedi ki, mən nə demişəm onu da etmişəm, bundan sonra da edəcəyəm. Məncə bu cümlə bütün Ermənistana və onun havadarlarına kifayətdir! Çünki Azərbaycan Prezidenti hakimiyyəti ərzində həm beynəlxalq aləmdə, həm də ölkə daxilində həmişəkindən çox nüfuzludur, rəğbətlidir və güclüdür.
Adam bildirdiyi mövqe ilə nəinki Azərbaycanın daxilində, həm də Ermənistan daxilindəki siyasəti müəyyənləşdirmək iqtidarındadır. Ermənistan müxalifətinə Paşinyana qarşı olduğuna görə deyil, Azərbaycana qarşı revanşizmə xidmət etdiyinə görə elə zərbələr vurub ki, gizləndikləri yuvadan başlarını belə çıxara bilmirlər. Kim bilir bəlkə də elə qadın paltarına bənzər ağ xalatın altındakı Robikdir və Serjikdir, Baqrat adı ilə Ermənistan küçələrində paşinyanlıq eləmək istəyir. Qoy eləsin, onların özlərindən başqa kiməsə pisliyi dəyə bilməz.
Məni daha çox əllərinə tarixi fürsət düşmüş bizim olan qalan bir cüt, bir tək radikallardır. Bir də onların xaricdəki ruporları. Əslində bizim radikalların əllərinə böyük tarixi fürsət düşdü. Keçən əsrin 90-cı illərinin əvvəllərindəki hakimiyyətə gəlmək fürsəti olmasa da, 30 illik uğursuz fəaliyyətlərinə son qoymaq və vəziyyətdən üzü sulu çıxmaq üçün tarixi şans yarandı. Dünyada bəlkə də general rütbəsinə sahib olmayan yeganə müdafiə naziri olmuş adamın 28 il sonra Şuşanın işğalına görə başına güllə çaxmaq öhdəliyindən azad olduğu üçün Ali Baş Komandanına sağ ol demək şansı yarandı.
Zamanında hakimiyyətə gəlmək üçün Qarabağ və Şərqi Zəngəzur kimi doğma torpaqlarımızı düşmənə təslim edərək daha sonra elə torpaqlarla yanaşı, hər şeylərini o cümlədən hakimiyyətlərini itirənlər üçün də tarixi imkan yarandı. Əldən çıxan hakimiyyətlərini bərpa etmək üçün siyasi alət kimi istifadə etdikləri 30 illik Qarabağ problemi arqumentinin yoxluğunu bəhanə edib onu həll edənə təşəkkür edərək böyük günahlarını yumaq imkanı. Xaricdə olanlar üçün də, anti Azərbaycan qüvvələrin verdiyi müasir dildə qrant adalanan dilənçi paylarından imtina edib, yeganə sahib olduqları kameradan Prezident İlham Əliyevə təşəkkür edib, bu günə qədər etdiklərinə görə kor-peşimançılıqlarını bildirib, kameralarını söndürərək ölkəyə qayıtmaq imkanı yarandı.
Ancaq görünən odur ki, bu sadalıdıqlarım Paşinyan qədər də olmaq istəmirlər və kor tutduğunu buraxmaz kimi hələ də Qarabağda rus axtarırlar. Atalar deyib ki, qozbeli qəbir düzəldər. Deyəsən siyasi qozbelləri qəbir də düzəldə bilmir. Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü Azərbaycan üçün uğurlu, antiazərbaycanlılar üçün isə faciəvi siyasətin yaratdığı təlatümlərin səbəb olduğu güclü sel siyasi meyitlərin üzərindəki 30 illik torpağı və çirkabı təmizləyəndən sonra onların donqarları yenə də çox pis şəkildə görünməkdədir.
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov