Həmişə din məsələləri barədə danışanda fikrimi, söhbətimi üfürə-üfürə catdırmağa çalışmışam ki, söz altda qalmayım. Baxmayaraq ki, din haqqında yekə-yekə danışanların çoxunun cəhalət, kör-koranə inancın içində olduğunu əla bilirəm.
Götürək elə, hicabla bağlı baş alıb gedən söz-söhbətləri. İndi çoxu din barədə düşüncələrini başqasına yeritməklə yaraqlanıb. Heç islam dininə dair bir ədəbiyyat belə oxumadan alimlik iddiasına düşüb. Hicab məsələsi isə günümüzün ən mübahisəli mövzusudur. Qınamalı da deyil. Başına əndrabadi hicab bağlayıb, üzünü göyqurşağından bir rəngi də əksik etməyib boyayan xanımlar, qulaqcığı hicab altından yerləşdirən, hicabdan sui-istifadə edib fırıldaq gələnlər, kobudluğunu əski altında gizlədə bilməyənlər və. s. Çox təəssüf ki, təmiz niyyət ilə hicabı gəzdirilənlərin sayı azdır. Bunu hamımız yaxşı bilirik.
Hicab bağlamaq artıq istənilən qadından nümunə olmağı tələb edir. Əxlaqından, davranışından tutmuş geyiminin digər detallarına qədər hər kəsdən “bərəkəllah” gözləyir. Bu məsələni istənilən qədər müzakirə etmək olar. Mənim başqa ellərdə gördüyüm isə bir başqa vəziyyət idi. Az qala bizim qapalı xanımlara şükür edəcəyim gəldi.
Bir neçə gün əvvəl Türkiyədə yaxınıma baş çəkməyə getmişdim. Bizdən fərqli qanun-qayda ilə oturulan məqamlar arasında bir məsələ təəccübümə səbəb oldu. Çatan-çatan “çaxmağınız varmı” sualı ilə yaxınlığındakına müraciət edirdi. Türkiyə bəlkə də dünyada siqaretlə mübarizədə səfərbər olan ölkələr arasında ilklərindəndir. Hətta biz öz televiziya kanallarımızı Türkiyə kanallarından antisiqaret reklamını götürməyi təklif edirik. Bu qədər təbliğat arasında camaat siqaretə darışıb, cavan, qoca, qadını, kişisi “zəhrimar”sız qala bilmir. Ən çox məəttəl qaldığım səhnə isə hicablı xanımların qabaq-qabağa siqaret çəkməsi idi. Bu onlar üçün çox normal, adi vəziyyətdi. Bu səhnəni bizdə təssəvvür etmək istəməzdim. Amma oradakılar dindar olmağı, siqaretdən istifadədən ayrı tuturlar. Düzü, qapananların əksəriyyəti məcburiyyətdən özünü bürüyüblər, dini zəminlə heç bir əlaqəsi yoxdur. Qadınların, gənc qızların siqareti zövqlə tüstülətməsi bizim kimi görməmişlərin gözünü bərələ, ağzını açıq qoymuşdu. Hətta belə xanımlarla söhbət zamanı məlumatım oldu ki, siqaret çəkmək üçün səbəb yoxdur. Ailədə belə görüb, belə də götürüblər. Ana qızına siqaret alır, ata uşaqlarına siqaret pulu verir. Siqaretdəki od qiymətinə. Siqaret çəkmək qadağası yoxdu, amma çəkməyənləri xoşbəxt hesab edirlər. Mənim uşaqlarım lap məəttəl qalmışdılar. Çünki uzun müddətdir, ailə rəisinə siqareti tərgitmək üçün dərslər keçirik. Uşaqlar Türkiyə telekanallarında tez-tez gedən antisiqaretlə bağlı sosial reklamları atalarına başa salırlar. İndi bu uşaqlar çoxluqla qadınların damağında siqareti görüb şoka düşmüşdülər. Parkda ata, ana övladlarını oynamağa yollayır, özləri də siqaret dəsgahı qurmuşdular. Mənim uşaqlarımsa, məni sual atəşinə tutmuşdular. Vallah bizimkilərə şükür, min kərə şükür. Camaatımızın nəyi də olsa, belə adətləri yoxdur. Heç təbliğatımız da yoxdur. Səhiyyə nazirliyimiz də əziyyət çəkib, siqareti pisləmir. Nə yaxşı ki, ustaddan gəlmə qınaqlarımız, gözümçıxdılarımız var. Bizim camaatın başadüşən xasiyyətinə, qanacağına quzu kəsim. Yaşa xalqım!
Son xəbərlər
Son Xəbərlər