“Qafqazinfo” xəbər verir ki, ilahiyyatçı Bəhruz Camalın analitik.az-a bildirdiyinə görə, nəinki İslam, digər dinlərdə də qarışıq nikahlara müsbət yanaşma yoxdur. Məsələn, xristian dinində evli olanların nəinki eyni din, hətta eyni məzhəbdən olması tələbi var. Yəni, katoliklərin pravoslavlarla evliliyi qadağandır:
“İslamda isə kişilərə kitab əhli ilə ailə qurmağa izn verilir. Yəni, xristianlar və yəhudilərlə ailə qurmağa icazə verilir. Amma qadınlar üçün belə güzəşt yoxdur. Çünki əksər hallarda ailədə kişilərin sözü daha keçərli olur. Etiqad məsələsində kişi öz xanımına təsir etmək gücünə malikdir. Ona görə də İslam, kişinin əhli kitab nümayəndəsi olan qadınlarla nikahına imkan verir. Çünki əmin olmaq olar ki, qadının nüfuzu kişini üstələməyəcək, onu İslamdan uzaqlaşdırmayacaq.”
Ailədə fikir plüralizminə normal yanaşan B. Camal deyir ki, dini baxışların fərqliliyi problem yarada bilər. Məsələn, müsəlman kişi xristian qadınla evlənəndə onların həyat tərzlərində ciddi maneələr ortaya çıxa bilər:
“Müsəlman kişi Ramazanda oruc tutur, spirtli içkilər içmir, donuz əti yemir və s. Amma bir də görürsən, onun qadını sərxoş olur, əlini divardan tuta-tuta gəlir… Bu, ailə dediyimiz müqəddəs ocağa yaraşmaz bir şeydir. Sonradan ailədə mübahisələr yaranmasın deyə, bunlar öncədən nəzərə alınmalıdır».
İlahiyyatçı qeyd etdi ki, qadınların nikahı ilə bağlı qadağa digər dinlərdə də var. Bəhruz Camal hesab edir ki, cəmiyyət bu istiqamətdə çalışmalıdır ki, başqa ölkələrə gedənlər orada evlənməsin, ailəsiz də qalmasın: “Gənclər qayıdıb vətənlərinə gəlməli, öz müsəlman qızlarımızla evlənməlidirlər ki, xoşbəxt ailələri olsun.”
Son xəbərlər
Son Xəbərlər