Başqan Rauf Arifoğlu – Cəmil Həsənli davasından danışdı

basqan-rauf-arifoglu-cemil-hesenli-davasindan-danisdi
Oxunma sayı: 1908


“Qafqazinfo” əməkdaşının sualını cavablandıran başqan bildirib ki, onun bu məsələdə mövqeyi əvvəlcədən bəllidir: “Mənim əsas məqsədlərimdən biri də siyasi mübarizəni müxalifətin içindən çıxarmaqdır. Təəssüf ki, hazırda Azərbaycan hakimiyyəti çox ciddi resursları hesabına, eyni zamanda, müxalifətin fəaliyyətinə müxtəlif istiqamətlərdə maneəçilik törətməsi səbəbindən mübarizə müxalifətin daxilində gedir. Biz bu istiqamətdə müəyyən cəhdlər etmişik. Bu məsələlərdə şəxsi duyğularımıza, təkəbbürümüzə görə deyil, demokratik düşərgənin və Azərbaycan cəmiyyətinin mənafeyindən yanaşaraq hərəkət edirik. Azərbaycan cəmiyyətinin maraqlarını əsas götürürük. Təəssüf ki, hər şey bizim istədiyimiz kimi olmur. Zaman-zaman bu mübarizə gah səngiyir, gah da alovlanır. 

“Yeni Müsavat” qəzetinə gəldikdə isə, bu qəzet müstəqil qəzetdir. Bilirəm ki, başqa qəzetlərlə müqayisədə əmək kollektivinə, baş redaktoruna tabe olmaq baxımından ən müstəqil qəzetlərdən biridir. “Yeni Müsavat” qəzetinin siyasətini Rauf Arifoğlu və onun komandası müəyyənləşdirir. “Yeni Müsavat” qəzetinin siyasətinin formalaşmasında Müsavat Partiyasının heç bir rolu yoxdur. Olub ki, şəxsi münasdibətlərimizi və Rauf Arifoğlunun Müsavat Partiyasının üzvü olduğunu nəzərə alaraq bəzi məsələləri onunla əvvəllər danışmışıq. Hansısa məsələlərlə razılaşmadığımızı onun diqqətinə çatdırmışıq. Amma mən Müsavat Partiyasının başqanı olandan sonra hesab edirəm ki, bu məsuliyyətlərdən istifadə etməyim düzgün olmazdı. İstənilən mətbuat orqanına , o cümlədən “Yeni Müsavat” qəzetinə təzyiq etmək niyyətində deyiləm. Bu fikirdən tamamilə uzağam. 

Müsavat Partiyası plüralist təşkilatdır. Nizamnamədə də göstərilib ki, partiyada hətta qərarlar qəbul olunduqdan sonra belə bu qərara qarşı çıxmaq partiya məsuliyyəti yaratmır. Müsavat Partiyasının üzvü olan jurnalistlər var ki, onlar bir sıra mətbuat orqanlarında çalışaraq Müsavat Partiyasına , onun başqanına qarşı bir çox hallarda qərəzli, hətta bir qədər həqiqətə uyğun olmayan fikirlər səsləndirir. Biz buna da dözümlü yanaşırıq. Mən belə vəziyyətin yaranmasına görə təəssüf edirəm”. 

Günel Türksoy