Partiyadan “Qafqazinfo”ya daxil olan məlumata görə, 150-dək partiya fəalının iştirak etdiyi toplantıda Müsavat Partiyasının başqanı Arif Hacılı mövcud ictimai-siyasi durum, partiyadaxili məsələlər barədə geniş çıxış edib.
O, çıxışında partiyada son dövrdə baş verən proseslərə hüquqi-siyasi qiymət verib. A.Hacılı bildirib ki, partiya üzvü olan bir qrup şəxs dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, partiya strukturlarını tanımamaq, partiya daxilində paralel strukturlar yaratmaq və partiyanı nüfuzdan salmaq istiqamətində davamlı fəaliyyət göstəriblər. Bu fəaliyyətin qarşısını almaq məqsədilə partiyanın səlahiyyətli orqanları bir neçə nəfərin barəsində müvafiq qərarlar çıxarıb. A.Hacılı qurultaydan sonra müxtəlif partiya strukturları tərəfindən 6 nəfərin partiya sıralarından çıxarılmasının repressiya kimi dəyərləndirilməsinin yanlış olduğunu bildirib, Musavatın nəinki Azərbaycanda, bütövlükdə post-sovet məkanında ən demokratik partiya olduğunu vurğulayıb və bunu təsdiq edən faktları sadalayıb. Başqan qeyd edib ki, qurultaydan sonra müxtəlif bəhanələrlə 30 nəfər partiyadan çıxdıqlarını bəyan etsələr də, partiyanı parçalamaq cəhdi alınmayıb, bu dövrdə partiya bütün istiqamətlərdə dinamik fəaliyyət göstərib, o cümlədən partiyaya yeni üzv qəbul olunanların sayı partiyadan çıxanların sayından təqribən üç dəfə artıq olub.
Toplantıda Müsavat Partiyası başqanının müavinləri Elman Fəttah, Səxavət Soltanlı, Osman Kazımov, MNTK sədri Sevinc Hüseynova, Məclis üzvləri Akif Bədirli, Əlipənah Rzalı, Mustafa Hacıbəyli, Yasamal rayon təşkilatının sədr müavini Zahid Babayev, MNTK üzvü Çingiz Əli, Suraxanı rayon təşkilatının üzvü Fəzli Mehdiyev, Sumqayıt şəhər təşkilatının sədri Fəxrəddin Abbas və başqanın müşaviri Hidayət İsmayılov çıxış ediblər.
Sonda rayon təşkilatlarına cari tapşırıqlar verilib.
Son xəbərlər
Son Xəbərlər