“Ata, Allah kimdi?” - Şeirlər

ata-allah-kimdi-seirler-
Oxunma sayı: 1412






Sentyabr. Eylül. Veresen. September

1.

Sentyabr. Eylül. Veresen. September.
Sarı rəng və kədər. Qüssəli tembr.
Uzaqda batıq səs: halsız və yorğundu.
Diş yoxdu, deməli işlər də yoğundu:
nədən ki, adamın tamahı itidir;
hər adam bir az da tamahın itidi.

Eylül, veresen, september, sentyabr
işğal eləyir bütün diyarı
köndələn yağışla, gözdeşən küləklə.
Sonrası rəsmdi: nə toxun, nə rənglə!
Payızdı. Sonbahar. Osen. Autumn.
Sarımtıl inqilab. Sarışın təlatüm.

Veresen.September. Sentyabr. Eylül.
Yarpaqlar qəpik tək elə hey tökülür.
Elə bil kim isə anladır könülsüz:
Bax, budur, dünyanın dəyəri, görürsüz.
Pəncərə önündə tozlu əlcək
sözsüz bir yazıdır: dünyadan əl çək!

September. Sentyabr. Eylül. Veresen.
Ad üçün hansı söz doğrudur, görəsən?
Sözdən yükünü boşaldıb kağıza
mənalar ehtiyac duymur ağıza.
Otaqda bürküsə kim deyir bu pisdi?!
Bürkünü hiss edən bədən var ipisti.



2.

Sentyabr.Eylül. Veresen.September.
Lüğətlər arası ən adi tender
qalib edərdi yəqin ki sükutu.
Sonrası nöqtədi: qələmin ucu;
o isə lap çoxdan yazıbdı: şimşək
çaxanda açacaq çətirlər çiçəktək.

Eylül.Veresen. September. Sentyabr.
Təqvimlər özünü eləyir biyabır.
Onlara baxmadan bilirsən hətta
qiyabi tanışdı təqvimlər həyatla.
Açıqdı pəncərə, uçuşur bir arı.
Onun da rəngi sənintək sapsarı.

Veresen. September. Sentyabr. Eylül.
Qızılı alovdan doğulur qara kül.
Hirsinə nida tək siqaret kötüyü
küldanda dik durub. Ağzının köpüyü,
hirsin yatır. Elə öz qanında boğulur ürəyin,
gizlənib altında ağappaq köynəyin.


September. Sentyabr. Eylül. Veresen.
Sədəqə istəyir birisi, verirsən:
bir ovuc xırda pul, bir ilıq təbəssüm.
“Qoy, arzun çin olsun, qoy, üzün gülsün!”-
qapının dalından sezilən sözlərin
ünvanı göylərdi. Yaşarır gözlərin.



3.

Sentyabr. Eylül. Veresen. September.
Göyüzü ağarır tənbəl-tənbəl.
Baxışın səmada marafon yürüşü
geridə buraxır uçağı və quşu.
Miskindi bu yerdə hər hansı məğrurluq.
Biz ki göylərə əvvəldən məğlubuq.

Eylül. Veresen.September. Sentyabr.
Gecələr mavrdı, səhərlər kentavr
gödəni, bədəni, rəngi ilə hər kəs.
Divanda açıqdı İmre Kertes.
Vərəqi geriyə çevirir sərinkeş.
Ömürsə yenidən yaşanmır... eh...kaş...


Veresen. September.Sentyabr. Eylül.
Miçəkdən bir öpüş qazanır süni gül.
Yalanlar daha çox çəkici, güvənli.
Saxta bir avazla oxuyur müğənni:
“Dərdimi göylərə danışsam alışar...”
Eybi yox, qulaqlar buna da alışar ...


September. Sentyabr. Eylül. Veresen.
Frigid qadıntək qələmdən bezirsən.
Üfüqü qızardan qürubun şəfəqi
güldanda bərq vurub anladır fərqi.
İşıqla kölgənin sevgi oyunu
qurtarır divarda. Filmin sonu.


Böyükçölün test kitabının ağ yerləri üçün

Qohumluq əsasında yaranan insan birlikləri- qəbilədir.
Azərbaycan- qəbilə qanunlarıyla yaşayan,
idarə olunan demokratik ölkədir.
Pul- əmtəədir, ilkin adıyla sikkədir.
Rüşvət- zəhmətə hikkəli bir şillədir.

Odur ki, ey məmləkət adamları məni dinləyin:

Rüşvət alanda və verəndə onu mütləq zərfə qoyun:
mədəni, estet və zərif olun;
özünüzü tox tutun, pula bulaşdırmayın gözünüzü,
onu özünüzə qarşı şahidlikdən qorumaq olsun bəraətiniz
və daha çox cibləriniz hiss etsin paraların ağırlığını.

Haqqınızda söz dedizdirin, yazı yazdırın,
ya da özünüz yazın: sizi sizdən yaxşı kim tanıyır ki.

Mərkəzi küçələrdə tez-tez gəzməyə çıxın,
özünüzü özünüzə həqiqi şəhərləri kimi hiss etdirin:
yumruq vurun, tir atın, əsas da tez-tez tüpürün-
vətəni suvarmaq ədəbdəndi.

Ölkənin adını heç vaxt düzgün tələffüz etməyin:
o çox gözəldi, gözə gətirərsiz,onu mütləq “azar”layın,
“zər”ini “zır”la zorlayın.

Tərəzidə mütləq aldadın:
narahat olmayın, etalon uzaqda, Londondadı.

Ləhcəylə danışın:
onda siz mütləq qəhrəmansınız, möhtəşəmsiniz:
yalnız məhlənizdə, kəndinizdə-
dünya onsuz da yepyekə Çindi.

Hüququ boş verin, adətləri sevin.
Ənənlər hüququn əsasıdı.
Əsas adamın balası, ata-anasıdı.
Qalanları ya adam, ya başqasıdı.

Həyatmı mətndi? Mətnmi həyatdı?-
bunları düşünmədən yaşamaq əlbəttə asanddı.
Odur ki,heç kitab almayın, olanları da cırıb tullayın:
Elxan demişkən, dönər dünyadan dadlıdı
və ucuzdu əlbəttə ki.

Qətiyyən ciddi musiqi dinləməyin,
dünya onsuz da səs-küylüdü.
Təskinliyiniz quş səsi olsun,
ya da pişik miyoltusu-
yekə maşınlarınlarınızın təkəri altında qalıb öləndə
və əlbəttə eşitsəniz.


Həmin qadına məktub

Mənə şəkil göndərdin
uzun illərdən sonra,
bəraətçün şəkillər
görən, nə deməliydi?
Hə, elədi, sükutda
gizlənib bütün sözlər.
Gözəldi saçında ağ-
iztirabın sancağı.

Mənimsə köksümdədi
xəyanət qəlpələri.
Şəhvətin köynəyini
təəssüf yeli qurudub.
Birlikdə son günümüz,
yəni, o şəkil, əda
keçmisin yaddaşında
indi çoxdan soluxub.

İndi mən çox düşmüşəm,
sən də cavan deyilsən.
Qırışları gizlətmir
boynundakı yaylığın.
Tənhasan, yeməyini
yəqin yavan yeyirsən.
Gövdəni gəzdirəndə
büdrəyir ayaqların.

O adamlar deyilik,
bir də nə yazım,axı?
Ehtirasın külündə
qaralar üz-gözümüz.
Güzgüdə təskinliyin
gözəlliyin deyilsə,
heç olmasa dadına
yetişsin diriliyin.

Balaca şəhərlərin
çox rahat dünyası var:
üç-dükan, meydança,
klub və qəbristanlıq.
Amma əsas bu deyil,
orda bütün söhbətlər
dünyanın özü qədər
yaman çəkər adamı.

Ömür harda yaşansa
tale orda qonaqdı.
Qonağısa qovmazlar,
bir də adət var axı.
Axşamları tum çırtla,
pəncərədən Aya bax,
Leylanın Məcnununda
son hərf üçün baş sındır.

Ümidlər ilə yama
sabahın cübbəsini.
Dualardan bərk yapış,
təkcə özün üçün yox.
Xatirə güvəsini
təmizlə üst-başından.
İndiysə getməliyəm,
oğlum məktəbdən çıxır.
Rafiq Həşimova

Qırx beşin iyirmisini
Bir yerdə xərcləmişik,
Yad şəhərlər olub ki,
Gecələr tək gəzmişik.

Olub ki, ovutmuşuq
Biz fanilik hissini
Mən oxuyub Hamsunu,
Sən oxuyub Hesseni.

Saçımıza dən düşüb
Eyni gün eyni dərddən,
Çörəyi tən bölüşüb
Suyla yemişik hərdən.

İndi gözləmək qalır
Sirdisə də sonrası
Ey, Ruminin əmisi,
Ey, Zəhranın atası.

Yol yarıdan keçlilmiş,
Nə gün dönər, nə keçmiş,
Gözümüzdə kiçilmiş
İndi çox şey bəllidi.

Quş olmaqmı gözəldi,
Uşaq olmaqmı gözəl?
Daş atmaqmı gözəldi,
Daş atılmaqmı gözəl?

Bu sualların indi
Cavabını bilib də
Yaşamaq çox çətindi
Özündən siyrilib də.

Sən- qırx beş, mən- əskik qırx,
Hələ də fırlanır çarx,
Olanlarçün ağlayaq
Gəl, dostum, asta-asta.

Coratdakı balıqçı uşaqlarına ədəbiyyat dərsi


Gündəlik üzücü işləri, vərdişləri nəzərə almasaq,
bir də doğuşun və qürbun səmtini,
onda heç kim sabahı yaşadığı kimi gözləmir.
Bura gələ-gələ ilk cümlə haqqında düşünürdüm,
Kağız üstündə o təxminən belə ola bilərdi:
adam həmişə danışmaq istəyir,
amma çox vaxt lazımi yerdə
və istədiyi adamların əhatəsində olmur.

Hamı özünə məğlub olur və kölgəsi kimi öz ayağına düşür.
Bunu hiss eləyəndə hirslə ayağını yerə çırpır,
amma kölgələri tapdamaq olmur,
əksinə o bizi təqlid edir, cinləndirir.

Uşaqlar, bir rus filmi vardı: “Kölgələr günorta yox olur”,
başqa cürə desək günəşin zarafatı: əşyalarla və insanla.
Şərqdə insanları kölgəsiz çəkiridilər.
Kim bilir, bəlkə bunu günəşdən öyrənmişdilər-günortalar.
Bəlkə ölümün həmişə mümkünlüyünə işarəydi bu.

8.15-di. Zaman həmişə işləyir.İliyimizə.
Bir azdan zəng şalınacaq. Hamı zəng gözləyir.

Kitab rəfləri qürur yeri deyil, yalnız əşyadır;
hərçənd qorxudur; amma nahaqq.
Fərz edin ki, hamının yüz il yaşamaq imkanı var
və ilk gündən oxumağı bacarırıq.
Gündə bir kitab hesabıyla bu təxminən 36.500 edərdi.
Bir fikirləşin, görün, dünyada nə qədər kitab var?
Odur ki,kitablarla yox, mətləblərlə öyünün.
Ən yaxşısı isə öyünmək yox, böyüməkdir.
Yadda saxlayın : biz həmişə az biləcəyik.
Amma bir kitab da var…onu mütləq oxuyun, höccələyin.

Tale seçmir, bunu bilirsiz, çoxdan deyilib.
O bizə bənd olur, əsl leyli-məcnun hekayətidi bu, birtərəfli.
Beləsinə rusca odnolyub deyirlər.
Nə fərqi var: siçan bir az siçandısa, bir az da farədir.

Sözlər,eh sözlər…
Uşaqlar,elə sözlər var ki, onlar olmasaydı, heç nə dəyişməzdi.
Məsələn asfalt.
Mən bunu sahilə, yanınıza düşərkən anladım.
Balaca bir çiçək asfaltı deşmişdi,
və beləcə torpağı, həqiqi yolu, əsl sözü nişan vermişdi.

Bir müəllimimiz vardı.
O da hamı kimi həyatın qaynar qazanından buxarlandı.
Bir gün özündə deyildi, nədənsə ürəyini mənə açdı.
Yanına bir qadın gəlibmiş.
“süpür, at, şeytanı ətəyindən” deyibmiş qadına.
Heç kim moizəni sevmir, qadın qəhqəhəylə gülübmüş.
Amma insan cinsini tanımadığı vaxtlarda,
hələ birinci gün adətən ağlayır.
O deyirdi ki, məqsədim qadını qorumaq yox,
ondakı xəbərsiz olduğu təmizliyi hifz etmək idi,
o qadın günahı və istirabı məni qədər tanımırdı, bilmirdi.
Mən bunları sizə niyə danışıram, düzü, bilmirəm?
Müəllimim də belə demişdi mənə.

İşdi, yazıçı olmaq qərarına gəlsəniz,
satira,yumor, ironiya və sarkazm adına
çoxlu yumor və tənə görəcəksiniz.
Bir də paltarını dəyişmiş adamları və dünyanı.
Onda ağlamaq istəyəcəksiniz.
İnamınızı itirməyin.

Və bilin, inam
inamsızlığın gücüylə ölçülməsə də tənzimlənir.
Unutmayın,bütün nəticələr və hesablar
bir ( = 1) qədər doğru deyil.
Bir dediyim indi mənəm,
sabah isə başqa bir hesabdar:
siz, biz,onlar və sairə.

Hər kəsin öz adı var və odur ki,
şəxs əvəzlikləri yazılmasa heç nə dəyişməz.
Baxaq: mən məktəbə gedirəm;
yaxud: məktəbə gedirəm.
İslahata yox, islaha ehtiyac var.
Susursuz…

İcazə verin, mən bu sükutu özüm bildiyim kimi eşidim.

Şəxsi təcrübənin bütünlüklə bölüşülməsinin əleyhinəyəm.
Səmimiyyət deməkdə yox, deməməkdə ən azı alicənabdı.
Hətta yerindəysə sükut səmimidir və o qədər çox şeyi anladır ki.
Məsələn balıqı atalarınızdan soruşun:
balıqları niyə tutdular, öldürdülər. satdılar?
Onların gözü dolacaq və mütləq sizə zillənəcək.
Susacaqlar və bu dərin-doğru izah olacaq.

Unutmayın, həyat reprodiksiya yox, orijinaldır.
Və onu olduğu kimi çoxaltmaq əlbəttə ki, əksiltmədir.
Ömürünüzdə və mətndə israf etməyin onu.

Muzeylərə məqsədli getməyin.
Xalqın dövlətə cehizidir muzeylər…
Əslində başqa şey demək istəyirdim…
İşdi, muzeyə, sərgiyə yolunuz düşsə,
qarışıq, anlaşılmaz, axmaq bir rəsmin önündə
vəcd dolu adamları görsəniz-
bu vaxt vacib görünüşlü,qolları çarpaz müəllif gülümsəyəcək-
o rəssama bir vərəq kağız və qələm uzadın qəfil,
xahiş edin ki, həmin rəsmi bir neçə cümlə ilə izah etsin,
əgər bacarmasa-adətən belə olur,
bilin ki, gördüyünüz səhnə daha böyük əsərdi.
Eynən sizin qumsaldakı yalın və dərin ayaq izləriniz kimi.

İnanıram ki, hardasa ilahi kitab adına belə bir cümləyə rast gələcəksiniz:
“O səmanı, yeri və dənizi yaratdı. Bunun gözəl olduğunu anladı.”
Oxusanız bilin ki, bunu adam yazıb.
Anlamaq, bütün hallarıyla, xüsusən də sonradan- bu insanın keyfiyyətidi.

Hə, uşaqlar, heç kim sabahı yaşadığı kimi gözləmir,
və yanınıza gələndə özümlə
üz qabığında qızıl balıqla qocanın rəsmi olan
bir kitab götürmək istəyirdim.
Amma qorxdum.
Fikirləşdim ki, balıq sizin dənizə atlanıb üzüb gedər.
Qoca isə qarşınızdadır.


Oğlumla söhbətlər
2000-ci il


-Sən kimsən?
-Sənin atan.
-Bəs, Fəridin atası kimdi?
-Yoxdu.
- Nədən?
- ...


-Sən neynirsən?
-Şeir yaşıram.
-Şeir nədi?
-Ananın oxuduğu laylaya bənzəyir bir az.
-Anam da yazır?
-Yox?
-Bəs, sən niyə yazırsan, oxu da !
- ...

- Hara gedirsən?
- İşə.
- İş nədi?
- Sənin ayaqqabın, çörəyin, pulun və bu kimi şeylər.
- Bəlkə getməyəsən...
- ...

-Ata, Allah kimdi?
-O, səni, nənəni, babanı, ananı, hamını yaradıb.
-Səni də?
-...

-Bir az özündən danış.
-Nə deyim, oğlum. Mən də sənin kimi idim, sən boyda, sən bənizdə.
Sənin kimi çoxlu-çoxlu suallar verirdim hər yerdə. Anamın qucağında,
atamın dizi üstə, evdə, çöldə, qatarda...
-Qatar nədi?
-Qatar sənin arabana bənzər, dəmir qollar üstündə gəzər.
Amma çox böyük, içində də çoxlu-çoxlu uşaqlar.
-Mən arabamı Fəridə verəcəm.
-...

-Onlar nə edirlər, ata?
-Daş yığırlar balası.
-Niyə?
-Bir-birinə atacaqlar.
-Niyə?
-Düşməndilər.
-Niyə?
-Bir-birini sevmirlər.
-Niyə?
-...

-Ata, gələndə beş dondurma alarsan.
-Dayan görüm, beşə niyə?!
Biri sənin, biri Fəridin, biri ananın, biri mənim... bəs biri?
-Biri də qoy olsun quşların.


2010-cu il


Yazdığım şeirlər
bir-iki oxudan sonra
gözümdən düşür,
xoşuma gəlmir, oğlum,
çünki mən onları
yaşadığım həyatla tutuşdururam.
Yaşadığım həyat
şeir yazmadığım günlərdə
gözümdən düşür, məni üşüdür,
gəmirir,oğlüm,
çünki mən onları
yazmadığım şeirlərlə tutuşdururam.

Mən səninlə
ikinci dəfədi söhbət edirəm:
yəni, hamının eşidəcəyi tərzdə,
bərkdən oğlum;
adamların da,
sənin də qarşınızda müqəssirəm:
çünki o vaxtlar sualları
sən vermirdin, dilin yoxdu və bunu
yalnız O və mən bilirdik.İndiysə hamı.
Sadəcə O həmişə qabaqcadan.
İndi mən yenə danışıram.Yenə səninlə.
Əlbəttə, yenə ürəkdən, oğlum.

Danışmaq, ürəkdən danışmaq
şeirin həqiqi adıdı:
qafiyələrin yoxluğu bunu
bunu hökmən təsdiqlər.
Amma hamı ürəkdən danışmır,
məsələ də elə budu:
qafiyələrin varlığı da
bunu təsdiqlər eyni qədər.
Seir-boşluğu doldurmaq sənətidi,
bunu gör nə vaxtdı deyiblər.
Boşluq-şeirin səltənətidi,
bunu da deyiblər bir saniyə əvvəl.

İndi sən yatmısan,
ikimərtəbəli taxta çarpayıda,
üstünü açmısan; bir az aralıda anan,
alt qatda bacın.
İndi mən daha səmimiyəm,
sənin yerinə sual da vermirəm,oğlum.
Əslində mən özüm də uşağam,
çat vermiş divarların, boşluğun arasında,içində.
İndi mən yalnız burdayam:
bir yerdə, bir nöqtədə, bizim saydığımız bu evdə.
Yəni, mən olmadığım çoxlu yerlərlə,
nöqtələrlə daha çox yoxam.

Amma yoxluq yoxdu ki,
hər yerdə O var deyə.
Ömür paltarının
astar üzünə bənzəyər boşluq:
arxadan, boynumuzun dalından
yarlığı bizi həmişə incidər;
yaxşı ki, təzə paltarlarının hamısından
sən onları anana kədirmisən.
Yadında, şeir yazmışdın. Üstümə qaçdın.
“Məndəmi şair olacam?” deyə soruşdun.
Yadında, gülümsədim –yalandan, sonra da susdum;
boşluğun ilk çağrışıydı bu,oğlum.

Çağrılan yerə bəzən getməzlər.
Həqiqi getmək-qayıtmamaqdı.
Şairlik,oğlum, biləsən: dolub boşalmaq,
sonda dolmamaqdı.
Qafiyə gəzməkdi,gəzməkdi,
yorulub bezməkdi axırda.
Halbuki yaşılla sarını
qafiyə tutan Sahib
bunu asanlıqla edir
eyni bir yarpağın üstdə, payızda.
Bu həm hecadı, həm verse,
həm də bəmbəyaz şeir.


Bəzən səhərlər yarpaq xışıltısı,
şütüyən tək-tük maşınlar,
banlamalar, bütün səslər qarışır,
azan səsinə oxşayır, oğlum.
Və bu yaxşıdı.
Bəlkə bütün səslər və pıçıltılar
Allah böyükdü deyir.
Çünki hər bir yaranışda
Onun sözsüz imzası var.
Mən gecələri tez-tez dururam,
yəni, olur ki heç yatmıram, oğlum.
Deyimmi gecələr necə höhkürürəm, ağlayıram?
Nədi, yenəmi hönkürüm, ağlayım, oğlum.

Qəhrəman olmaq
keçir könlündən,bilirəm.
Hörümçək adam olmaq
belə istəyirsən hərdən.
Həşərat tamarzısı bu Kafka arzusu hardandı?
Bəlkə adam elə hərdən adamdı-ondan.
Nağıla, tarixə oxşamaq istəyincə adam
təəssüf ki, zamanı unutmuş olur.
Diriykən adamları unudub
şəklə vurulmuş olur.
Mən tarix dərsi keçdim,elədi,
amma səlnamələrdə göz yaşına
heç rast gəlmədim, oğlum.

Yanan adamlar, ağaclar, evlər
tarixdə yalnız rəqəmdi.
Bilirsən.oğlum,bu eybəcər cəbr,
vəhşi hesabdı.
Biləsən bu həm də həndəsəylə
vəhşi haqq-hesabdı.
Ya hər şey tarixdi-bitməyib,
ya tarix bitmiş heç nədi.
Atlar, arabalar, maşınlar sürəti artırdılar,
amma getmək felini dəyişmədilər.
Silahlar atıldılar,
amma səs gəlmədi sətirlərdə, misralarda.

Hə, oğlum, bu sirr bir az yüngüllük gətirir,
amma bir az da yüngüllükdü şair işi.
Şairin dili yüyrək yox, həm də məğlubu, saxtadı.
Mən məğlubları sevmirəm, oğlum,
ətürpədən sızıltılar var orda.
Mən gücləri heç sevmirəm, oğlum,
bəs, nə olsun o məğlub zavallılar.
İndi sənə şeir oxumaq istəmirəm,
tarix dərsi isə heç deyə bilmərəm,
bilmədiyim, görmədiyim şeylərdən necə danışım,oğlum?
Mən sənə babandan danışa bilərəm
və dünyadakı çox yaxşı kişilərdən.

Mən sən nağıl da danışa bilmərəm,
nağılı analar, nənələr danışar.
Gəl, sənə nənəndən danışım, anamdan
-nağıl kimi qadındı,oğlum.
Bizi ancaq sevərdi, oxşardı.
Şabalıdı, qıvrım saçları vardı.
Biz ağartdıq: əmin, bibin, daha çox mən.
Təkcə qıvrımı qaldı.
Gəl, sənə anandan danışım, oğlum,
məni görəndə titrərdi,
nədənsə qorxardı…
Mən onu çox sevdim, oğlum,
adına duyduğum sevgi də ordandı.

Yadında,
“nə xoşbəxtəm” dedin
pillələri düşəndə.
Mən yox, nənən eşitdi.
Çünki dəri üzlüklü dəftərimi
istəmişdin- verdim.
Sən ora qoğal çəkdin, quş çəkdin,
hörümçək adam, günəş,ağac, bayraq,
ulduz, kəpənək, çiçək çəkdin, oğlum-
gözlərim doldu.
Dünya yerləşəməz ki, heç bir dəftərə:
nə rəsmlə, nə şeirlə,
hətta atan yazsa belə.

Gəl, sənə bacından danışım,oğlum, Sonadan.
Onun gözəl gözlərindən, sevgisindən,
cingiltili səsindən, saçından, siçan quyruğu hörüyündən.
Gəl, sənə səndən danışım, oğlum.
İlk sözündən, addımından, kövrək yerişindən,
yerə doğru ilk uçuşundan…
Oğlum, oğlum, gül oğlum,
Gül oğlum, sünbül oğlum.
Oğlüm itə daş atmaz,
Atıb günaha batmaz.
Milçəyə azar etməz,
Milçəyin də canı var…

Gəl, sənə, oğlum,
əlbəttə istəsən, özümdən danışım…
Yəni ki susum…