Batumi ucuz deyil, Qəbələ bahadır -

batumi-ucuz-deyil-qebele-bahadir-
Oxunma sayı: 2034


Uşaq vaxtı anam məni xalçanın üstündə gəzdirməsə də, gözlərimdən heç bir şikayətim yoxdur. Hələlik ağı qaradan seçə bilirəm. Buna görə də rəqəmlərə deyil, öz gözlərimlə gördüyümə inanıram. Məsələn, ötən həftə “Sınıq körpü” buraxılış məntəqəsində olanda gördüm ki, azərbaycanlılar dəstə-dəstə sərhəddin o tayına – Gürcüstana axışırlar...

Yay tətilini qonşu ölkədə keçirən azərbaycanlıların hər birinin öz arqumenti var. Əksəriyyyət hesab edir ki, Azərbaycanla müqayisədə Gürcüstan bir neçə dəfə ucuzdur. Əvvəllər mən də belə düşünürdüm. Amma paytaxt Tiflisi, Gürcüstanın əsas istirahət mərkəzlərindən sayılan Kobuleti və Batumini gəzib-dolaşandan sonra bu qənaətimdə yanıldığımı başa düşdüm. Tiflis Bakının köhnə küçələrini xatırladır. Kobuleti Nabrandan, Batumi isə Qəbələ və Şəkidən geri qalır. Əgər belədirsə, bəs niyə azərbaycanlılar kütləvi şəkildə Gürcüstanın istirahət mərkəzlərinə üz tuturlar? Doğrudanmı, Tiflis, o cümlədən, son vaxtlar adı çoxumuzun dilindən düşməyən Kobuleti və Batumi Azərbaycan şəhərlərindən ucuzdur?

Tale elə gətirdi ki, Gürcüstan səfərindən 10 gün əvvəl Qəbələdəki məşhur “Qafqaz” otelində iki gün dincəlmək imkanım oldu. “Qafqaz”da iki nəfərlik otelin qiyməti 65 manatdır. Bu qəymətə səhər yeməyi də daxildir. Oteldəki səliqə-sahmana, təmizliyə söz ola bilməz. Xidmət yüksək səviyyədədir. İnsaf naminə deyək ki, Kəmaləddin müəllim “Qafqaz”ı yaradanda pula xəsislik etməyib. Hansı ki, Kobuletidə 50 dollara qaldığımız otel heç bir kriteriyaya görə “Qafqaz”la müqayisə oluna bilməz. Belə ki, isti su olanda soyuq su kəsilirdi, soyuq su gələndə isə isti suya həsrət qalırdıq. Buna baxmayaraq, qaldığımız oteldə bircə boş otaq da yox idi. Əgər Gürcüstanda yaşayan köhnə tanışlarımız araya girməsəydilər, ən azı bir gün çöldə gecələməli olacaqdıq. Şübhəsiz ki, indi hamının ağlında eyni sual dolaşır: əgər belədirsə, niyə gözəl Qəbələmizdə deyil, infrastrukturun aşağı səviyyədə olduğu Kobuletidə dincəlirsiniz? Söhbət ondan gedir ki, normal insan gündə üç dəfə qidalanmalıdır. Tutaq ki, səhər yeməyini “Qafqaz”da yedik. Bəs nahar? Yoxsa, şamsız yatmalıyıq? Qəbələdəki qiymətlərdən xəbəriniz var? İyul ayının 31-də Xanlar kişinin öz adını verdiyi məşhur restoranda 3 şiş kababa görə bizdən 40 manat pul aldılar. Qəbələdə dörd nəfərlik bir ailənin nahar yeməyi 80-100 manata başa gəlir. Halal zəhməti ilə dolanan heç bir insan Qəbələdə üç gündən artıq qala bilməz. Əgər hökumət turistlərin bölgələrimizə axınını təmin etmək istəyirsə, təkcə otellərdə deyil, kafe və restoranlarda da qiymətləri tənzimləməlidir. Məsələn, ötən ay Mingəçevirdə Kürün qırağında iki çaynik çay üçün bizdən 15 manat alandan sonra orda nahar etmək fikrindən daşındıq.

Bir neçə kəlmə də adı azərbaycanlıların dilindən düşməyən Batumi haqda yazmaq istəyirəm. Ötən həftə Batumi küçələrində qarşılaşdığımız üç nəfərdən ən azı ikisi azərbaycanlı idi. Hamı qiymətlərin baha olmasından şikayət edirdi. Nahar vaxtı biz özümüz də bunun şahidi olduq. Nazlı-qəmzəli gürcü qızının ovcuna basdığımız pulla Bakıda daha yaxşı süfrə aça bilərdik. Bir sözlə, Batumi ucuz deyil, sadəcə olaraq, Qəbələ çox bahadır. Azərbaycanlıların kütləvi şəkildə Gürcüstanın istirahət mərkəzlərinə üz tutmasının bir səbəbi də budur.

Heç kim inciməsin, digər səbəb isə biz azərbaycanlıların özümüzü göstərmək istəyilə bağlıdır. Bir ətək pul xərcləyib Gürcüstana getməklə qohum-qardaş yanında ən azı iki həftə danışmaq üçün mövzu əldə edirik. Amma bu da əsas səbəb deyil. Xalq başa düşür ki, Azərbaycanda xərclədiyi pullar Kəmaləddin Heydərov, Ziya Məmmədov, Rövnəq Abdullayev, Etibar Pirverdiyev kimi çoxlu sayda otel və restoranları olan oliqarxların cibinə gedir. Bu adamlardan indiyə kimi heç bir xeyir görmədiyi üçün xalq onları boykot edir.

“Qafqazinfo”