Avropada derbilər həftəsi – Afişa

avropada-derbiler-heftesi-afisa
Oxunma sayı: 679

“Qafqazinfo”nun verdiyi məlumata görə, həftənin ən maraqlı qarşılaşması İspaniyada baş tutacaq.

Belə ki, futbol azarkeşləri “Nou Kamp” stadionunda növbəti “El Klassiko”ya şahidlik edəcək. Matç “Barselona” üçün son şans kimi dəyərləndirilir. Finişə 5 tur qalmış 81 xalla ilk pillədəki “Real”dan 4 xal geri qalan katalonlar bu oyunda qələbə qazana bilməsə, çempionluq şansını çətinə salacaq. Oyun həm də tarixə 219-cu “El Klassiko” kimi düşəcək (yalnız rəsmi matçlar nəzərə alınır). Tərəflər bu günə kimi hərəyə 86 qələbə qazanıb 46 dəfə “sülh bağlayıblar”. Topların fərqində isə “kral klubu” üstündür – 364:351.

İngiltərə Premyer liqasında turun mərkəzi matçı “Arsenal”la “Çelsi” arasında baş tutacaq. Çempionlar Liqasına vəsiqə qazana bilməmək təhlükəsi ilə üz-üzə qalan “Çelsi” London derbisində mütləq qalib gəlməlidir. “Topçular” 3-cü pillədə olsa da, rəqiblərlə xal fərqinin çox olmaması onları qələbə uğrunda vuruşmağa vadar edir.
Almaniya Bundesliqasında Dortmund “Borussiya”sı çempionluğu “Borussiya M” ilə ev qarşılaşmasında rəsmiləşdirə bilər. Qonaqlar isə qalib gəlməklə ÇL-ə vəsiqəni bayram edəcək.

Fransa çempionatında “Lion” – “Loryan” oyununu fərqləndirə bilərik. Ardıcıl 12 il Çempionlar Liqasının iştirakçısı olan “aslanlar” cari mövsüm bu vəzifənin öhdəsindən gəlməkdə çətinliklə üzləşib. Remi Qardın yetirmələri sona 6 tur qalmış 3-cü pillədəki “Lill”dən 6 xal geridədir. “Loryan” isə düşmə xəttindən cəmi 2 xal irəlidə olduğu üçün bu oyunda var gücü ilə mübarizə aparacaq.

Türkiyə Superliqasında əzəli rəqiblər – “Qalatasaray” və “Fənərbaxça” üz-üzə gələcək. Super Finalın ilk turunda qələbə qazanan hər iki tərəf üçün məğlubiyyət yolverilməzdir. “Fənərbaxça” qalib gələcəyi halda “cimbom”la xal fərqini 2-ə endirəcək. “Sarı-qırmızılılar” isə 3 xal qazanarsa, çempionluğu böyük ölçüdə təmin edəcək.
İtaliya A Seriyasında lider “Yuventus” 5-ci yerdə qərarlaşmış və ÇL-ə vəsiqə uğrunda mübarizə aparan “Roma” ilə qarşılaşacaq. İkinci pillədə qərarlaşmış “Milan”ı cəmi 1 xal qabaqlayan “qoca sinyora” xal itkisinə məruz qalarsa, zirvədəki yerini itirə bilər.

21 aprel
16:45 “Arsenal” – “Çelsi”
21:30 “Borussiya Dortmund” – “Borussiya Münhenqladbax”
23:00 “Barselona” – “Real Madrid”

22 aprel
20:00 “Lion” – “Loryan”
21:00 “Qalatasaray” – “Fənərbaxça”
23:45 “Yuventus” – “Roma”

Ceyhun Əhmədov