“Avrovijin” təhlükəsi

avrovijin-tehlukesi-
Oxunma sayı: 670

Yaxud gecə hoteldə öz dillərində “Gəlin, bu xalqın milli telekanallarına baxaq, görək nə işlə məşğuldurlar” deyib televizoru yandırsalar və görsələr ki, səhnədə bir kişi yemişi ət şişinə taxıb dizinin üstünə qoyaraq oxlovla sürtələyir, başqa bir kişi lopatkanı bağrına basıb dınqılldadır, balaca bir uşaq isə başında özündən yekə dəri papaq bir sinini qulağının dibinə tutub cır səsiylə bar-bar bağırır, bər-bər bəyirir və zalda oturmuş xeyli yaşlı elat əhli feyziyab olub ardı-arası kəsilmədən başını sağa-sola yelləyir, nə cavab verəcəyik? Deyəcəyik ki, qardaş narahat olmayın bu bizim milli musiqimizdi və sizə dəxli yoxdur? Deyəcəyik ki, yıxılın yatın, inşaallah ölüm-itim olmaz? Birdən soruşsalar ki, bəs o uşağın günahı nədir, o boyda dəri papağı başına basıb bar-bar bağırdırsınız, bər-bər bəyirdirsiniz? Deyəcəyik öz aramızda qalsın, o uşaq bağırmasa, bəyirməsə Azərbaycanda xeyli adam fəxri adsız, təqaüdsüz, ordensiz-medalsız qalar? Deyəcəyik ki, o uşaq bir cox ustad sənətkarın iş yeridir? Deyəcəyik ki, o uşağın heç bir günahı yoxdu? Məcburuq deyəcəyimiz yalanları indidən uydurub hazır saxlayaq.

Bilirsiniz ki, avropalılar bizim kimi ucdantutma bərkgedən deyillər, yəqin, yarışmaya baxmağa onların andeqraundları da gələcək ki, bu gənclər də komfort həyata, bir kotleti iyirmi dəst çəngəl-bıçaqla və iki fəhlənin köməkliyi ilə yeməyə ikrahla baxırlar. Onlar sadə həyat sürməyin, hətta lazım gələrsə, vaxtından tez ölüb aradan çıxmağın tərəfdarıdırlar. Ancaq köpəkuşağı bəşər mədəniyyətini əllərinin içi kimi mənimsəyiblər, gecə-gündüz Parisin zirzəmi-kafelərində Dante belə gəldi, Gete belə getdi kimi söhbətlər edirlər, çaxırları-pivələri də öz yerində. İndi birdən bu gənclər bizim metroya düşdülər... Booyyy! Onlar ilk dəfə andeqraundun kralını görəcəklər. İlk dəfə görəcəklər ki, basabas olduğu üçün kişilər vaqonların “podnoşka”sında gedirlər, görəcəklər ki, biz Amerikan futbolunu metro qapıları ağzında adi geyimdə necə məharətlə və daha sərt oynayırıq və bu oyunda zənənlər heç də kişilərdən geri qalmır. Onlar görəcəklər ki, bütün divarlara yazılsa da “Yolun sağı ilə gedin”, hamı solla yeriyir, sanki, sol tərəf daha kəsədir, el dilində desək, qırdırmadır.

Birdən bu avropalılar binaların tinində ağacdan asılmış və kölgəsində iki kişinin altlarına vedrə, tabaq qoyaraq oturub siqaret çəkdiyi inək cəmdəklərini görsələr və fikirləşsələr ki, ey xudavəndi-aləm bu iki kişi nə üçün bu inəyin dərisini soyub oturub ona baxırlar? Nə çarə qılacağıq? Deyəcəyik ki, bizdə inək göz qabağında kəsilməyəndə əti eşşək, camış, at ətinin dadını verir?

Nəsə, mən hələ adi, gözlə görünən məsələlərə toxundum, bunun hələ gözlə görünməyən zırıltı tərəfləri var. Kim düşünürsə ki, bir musiqi yarışmasında qalib gəlməklə hamımız dönüb qəfildən avropalı olmuşuq, dindar oxuculardan ona bir ağıl duası yazmağı xahiş edirəm, qaynadıb suyunu içsin. Biz bu yarışmada qalib gəlməklə başımıza iş açdıq, Gül kimi öz milli-mənəvi dəyərlərimizlə, keçmişimizlə qoyboyun olub mürgüləyirdik.