BAXCP sədrinin müavini: “Fuad Qəhrəmanlı hakimiyyətə işləyir”

baxcp-sedrinin-muavini-fuad-qehremanli-hakimiyyete-isleyir
Oxunma sayı: 643

BAXCP-nin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, BAXCP iclasda qərar qəbul edib ki, 2012-ci ölkənin paytaxtında keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi təkcə xalqımızın musiqi mədəniyyətinin təbliği üçün deyil, bütövlükdə Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması baxımından da mühüm hadisədir. Qərarda həmçinin bildirilib ki, torpaqlarının 20 faizi işğal altında olan, sərhəd tanımayan erməni yalanları və ikili standartlarla üz-üzə qalan Azərbaycan üçün əhəmiyyət daşıyır.

BAXCP İdarə Heyəti hesab edir ki, “Eurovision-2012" mahnı müsabiqəsinin yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycan üçün bir sıra istiqamətlərdə yeni və geniş perspektivlər aça bilər: ”Bu baxımdan “Eurovision-2012" müsabiqəsinin Bakıda keçirilməsinə böyük bir mədəni-tarixi hadisə kimi yanaşır və ölkənin bütün siyasi qüvvələrini bu hadisəyə məsuliyyətlə yanaşmağa çağırırıq. BAXCP İdarə Heyəti hesab edir ki, ”Eurovision-2012" mahnı müsabiqəsi başa çatanadək bütün siyasi qüvvələr ölkədə gərginlik yarada biləcək davranışlara yol verməməli və bir il müddətinə zorakılığa, qarşıdurmalara, həbslərə yol açacaq bütün razılaşdırılmamış aksiyalara moratorium qoymalıdırlar.

Biz nəyin bahasına olursa-olsun “Eurovision-2012" müsabiqəsinin Azərbaycanda keçirilməsindən əndişələnən və ölkəmizin əleyhinə bütün istiqamətlərdə qara piar kampaniyası aparmaqla müsabiqənin gətirə biləcəyi pozitiv dividentlərin üzərinə öncədən kölgə salmağa çalışan xarici qüvvələrə qarşı vahid mövqedə dayanmalı, müsabiqənin yüksək səviyyədə təşkilinə və keçirilməsinə öz töhfəmizi verməliyik”.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı BAXCP-nin bu qərarı ilə bağlıq qeyd edib ki, BAXCP adlı siyasi qurumun varlığı cəmiyyətdə hiss olunmur: “İkinci bir tərəfdən, bu qurumun müxalifət düşərgəsinə hər hansı bir aidiyyəti yoxdur. Belə bir qərarı Yeni Azərbaycan Partiyası qəbul etmiş, ya da ki, BAXCP, heç bir fərqi yoxdur. BAXCP hakimiyyətin əlaltısı kimi, dibçək müxalifəti kimi fəaliyyət göstərir. Bu partiyanın istər özü, istərsə də sədrinin missiyası AXCP-yə qarşı əks təbliğat aparmaq, müxalifət düşərgəsinə qarşı hakimiyyətin hazırlanmış tezislərini səsləndirməkdir. Bunlar guya mitinq və yaxud da aksiya keçirirdilər ki, indi bunların keçirilməsinə moratorium qoyurlar? Əksinə, bunlar özlərini gülüş hədəfinə çevirirlər. Çünki indiyə qədər heç bir aksiya keçirməyən, siyasi mübarizədə iştirak etməyən bir qondarma qurumun aksiyalara qadağa çağırışı etməsi ancaq hakimiyyətin sifarişi ilə hərəkət edənlərin təfəkkürünə uyğun olan bir qərardır. Düşünürəm ki, bu fikir qeyri-ciddi qəbul ediləcək. Və hər hansı müzakirə predmeti olmayacaq”.
Fuad Qəhrəmanlının bu cür açıqlamasına BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı əks ittihamla cavab verib: “Əvvəla, onu deyim ki, Fuad Qəhrəmanlı özü-özünü gülməli vəziyyətə salır. Qəzetə açıqlamasında bildirir ki, BAXCP və onun sədri Qüdrət Həsənquliyev haqqında fikir bildirmək düzgün deyil, amma, elə həmin qəzetdə və həmçinin də “Azadlıq” qəzetində geniş fikir bildirir. Burdan da görünür ki, bu adam nə danışdığının fərqində deyil. BAXCP və onun lideri Qüdrət Həsənquliyevin haqqında Fuad Qəhrəmanlının nəsə danışmasına isə, ümumiyyətlə , ehtiyac belə yoxdur. Ondan heç kim xahiş etmir ki, bizim haqqımızda bir söz de. İkincisi, Fuad Qəhrəmanlının özü hakimiyyətə işləyən şəxsdir. Bunu tək mən demirəm, Qənimət Zahidin qardaşı Mirzə Sakit onu AXCP sədri Əli Kərimlinin Mozambik üzrə müavini adlandıraraq hansı pullarla 49 min dollara cip maşını aldığı haqqında məlumatı, hələ 3-4 ay bundan qabaq sosial şəbəkələrdə yazırdı və onu bilavasitə hakimiyyətin “adamı” adlandırırdı. Bilirsiniz ki, ictimai palatanın 2 aprel mitinqində Fuad Qəhrəmanlı da Arif Hacılı kimi və digər müxalifətçilər kimi həbs edilmişdi və ona da cinayət işi açılmışdı . Amma qısa bir zamanda keçəndən dərhal sonra bu adam yeganə şəxs olaraq 2 aylıq həbs qəti imkan tədbiri dəyişdirildi və polisin nəzarətinə verilərək azad edildi. Görəsən müvvəqqəti təcridxanada 3-4 gündən sonra nə baş verdi ki, bunu evə buraxdılar? Yoxsa radikal müxalifətçiliyindən imtina edib? Nəyin müqabilində bunu azad ediblər? Niyə Arif Hacılı və ya gənc olan Tural Abbaslını azad etmirlər? Bu faktın özü elə göstərir ki, Fuad Qəhrəmanlı hakimiyyətin adamı kimi Əli Kərimlinin yanında dibçək missiyasını yerinə yetirir”.

Fatimə Kərimli