“Ay Allah, elə et ki, mən daha heç vaxt heç kimi sevməyim” - Müsahibə

ay-allah-ele-et-ki-men-daha-hec-vaxt-hec-kimi-sevmeyim-musahibe-
Oxunma sayı: 2111






Anar Agakişiyev heç vaxt bilmədiyiniz tərəfləri ilə


Kimi onu məşhur insan, kimi 1 nömrəli stilist, kimi paytaxtın ən bahalı dəb ustası, kimi isə qlamur şahzadəsi kimi tanıyır. Bizim fikrimizcə, Anar Atakişiyevin bu müsahibəsi isə təsəvvürlərdə yepyeni, bugünədək heç kimin tanımadığı bir obraz yaratmağa səbəb olacaq.

- Anar, deyirlər, məşhurluğun bünövrəsi uşaqlıqda qoyulur. Sənin uşaqlığın necə keçib?
- 1984-cü il iyulun 21-də Gürcüstanın Tiflis şəhərində anadan olmuşam. Uşaqlığım 6 yaşına kimi super keçib. Demək olar ki, qayğısız həyat yaşamışam. 6 yaşında anam Bakıya köçdü və mən Tiflisdə nənəmlə, babamla qaldım. Çünki artıq orda məktəbə gedirdim.

- Atanla anan ayrıldılar? Bəs bacın-qardaşın vardımı?
- Bəli, ayrıldılar, mən təkəm, amma ata tərəfdən bacı-qardaşlar var.

- Anandan ayrı qalmaq asan olmazdı?
- Anam ayda 2-3 dəfə gəlirdi, ya məni Bakıya gətirirdilər. Nənəmlə babam qayğıma çox qalırdılar, məni darıxmağa qoymurdular.

- İstedadını nə vaxt kəşf elədin?
- Mən ulduz doğulduğumu bilirdim. Uşaqlıqdan fərqlənməyi bacarırdım. 5-ci sinifdə oxuyanda ağacdan yıxıldım, başımdan güclü zədə aldım. Bir müddət komada qaldım, ayılandan sonra 3 ay xəstəxanada yatdım, sonra həkimlər bir il məktəbə getməyə icazə vermədilər. Həmin müddət ərzində başladım şəkillər çəkməyə, heç bir dərs almadan rəssamlığa başladım və bu istək məni maqnit kimi özünə çəkdi. Sonra məktəbə gedəndən sonra bütün gücüm bu sahəyə yönəldi, o biri dərslərdən zəifləməyə başladım. 9-cu sinfi bitirəndən sonra gəldim Bakıya anamın yanına. 72 saylı litseyə daxil oldum, 10-11-ci sinifləri burda oxudum. Paralel olaraq, stilistika ilə bağlı Rusiyada kurslara gedirdim. Qeyd edim ki, anam ilk gündən bu istəyimin qəti əleyhinə idi, onun ən böyük arzusu məni diş həkimi görmək idi. Mənsə qan-zad görəndə birtəhər oluram. Moskvadan gələndən sonra başladım işləməyə, amma açığı deyim ki, bu işə bir hobbi kimi baxırdım. Anam da tezliklə bu həvəsdən əl çəkib, instituta daxil olacağıma ümid edirdi.

- Bəs necə oldu ki, özünü tamamilə bu sənətə həsr etdin?
- Həmin ərəfədə bir hadisə baş verdi, bilmirəm bu təsadüf idi, ya yox. Iş elə gətirdi ki, anamın şəxsi biznesində birdən-bəri problemlər baş verdi. Deməzdim ki, həyatımızda elə də ciddi dəyişiklər oldu, amma anam üçün çətin olduğunu hiss edirdim. Əslində, anam çox güclü qadındı və özü bu problemin öhdəsindən gələ bilərdi. Amma mən qərara aldım ki, artıq ciddi olaraq çalışmalıyam və bütün məsuliyyəti öz öhdəmə götürdüm. 2001-ci ildə Azərbaycan Modalar Asossasiyası stilistlərin yarışmasını keçirirdi. Ərizə ilə müraciət elədim, o vaxt mənim 17 yaşım hələ tamam olmamışdı. Hətta mənim nə isə edə biləcəyimə şübhə ilə yanaşanlar da vardı. Demək olar ki, mən o yarışmada qalib gəldi. Orada bir xanım vardı, onun balı 187, mənimki isə 186 oldu. Münsiflər də nüfuzlu şəxslər, səfirlik nümayəndələri vardı. Bundan sonra mənim ulduzum parladı. Bütün qəzetlər bu haqda yazırdı, bütün şəhər bundan danışırdı. Bu müsabiqədən dərhal sonra makiyaj və vizaj üzrə yarışma keçirildi və mən orda qalib oldum. Sonra Türkiyədə, Rusiyada keçirilən bir çox müsabiqələrdən yüksək nəticələrlə qayıtdım. Beləliklə karyeraya gedən yolum başladı.

- Tanınmışlarla əməkdaşlığın necə başladı?
- İlk işim Züleyxa Akçurina ilə oldu. Sonra Aygün Kazımova ilə maraqlı işlərimiz oldu, Röya ilə lap əvvəllərdən tanış idim, onunla çalışdım, Ruhi xanımla yadda qalan layihələrimiz oldu. Nə bilim, çoxlarıyla əməkdaşlığım olub, bu gün də davam edir. 99 faiz deyə bilərəm ki, təklifləri ulduzlardan alırdım.

- Bəs bir faizi kimi nəzərdə tutursan?
- Bu, yəqin ki tanımadığım ulduzlardı.

- Ötən il səhhətinlə bağlı böyük problem yaşadın. (Anarın başından kecirtdiyi əməliyyatı nəzərdə tuturam-red.) O çətin günlərdə kim oldu yanında? Bu hadisə həyatında nəyisə dəyişdimi?
- Mənim ən həssas məqamıma toxundunuz. Yanımda sizin də tanıdığınız dostlarım oldu, onların hamısına təşəkkürümü bildirirəm. Həyatımda deyə bilərəm ki, çox şeylər dəyişdi. Böyük depressiya yaşadım, həyatımın ən çətin dövrünü yaşadım. Ondan sonra elə bil yenidən doğuldum. Fikir vermisinizsə, o vaxtdan sonra geyimim də dəyişib, bir sözlə, həyata baxışım dəyişdi. Daha güclü oldum.

- Ulduz həyatı nə qədər parlaq, rəngarəng olsa da, bu dönəm müvəqqəti olur. Bir neçə ildən sonrakı həyatını necə görürsən?
- Tamamilə razıyam, ancaq bir şey deyə bilərəm ki, bu insanın özündən, işinin necə qurmasından asılıdır. Mən demək olar ki, bütün həyatımın proqramını qurmuşam. Stilist olaraq da davam etdirəcəm peşəmi, gələcəkdə istəyirəm bir xanım davamçım olsun, sənətin bütün sirlərini ona öyrədim. Mənim sağ əlim olsun, bugünədək qurduğum biznesi onun əllərinə təhvil verim. Oğlanlar bu sahəyə bir az hobbi, həvəs kimi yanaşırlar.

- Bilirik ki, həmişə eksklüziv layihələrlə insanları təəccübləndirirsən. Bu yaxında Anar bizə hansı “Şok”u yaşatmaq.
- Bəli, eksklüziv olaraq “Ay və Gün” üçün açıqlayıram. Təxminən il yarımdan sonra mənim şəxsi geyim kolleksiyam olacaq. Amma bir modelyer kimi yox, böyük kütlə üçün nəzərdə tutulmuş, məsələn “Manqo” kimi, “Sisley” kimi geyim kolleksiyası.

- Yəni, şəxsi brendin olacaq?
- Bəli, bu, çox böyük bir layihə olacaq. Artıq eskizlərim hazırdır, investorlarla danışıqlar gedir. Sponsor var, yeniləri də cəlb olunacaq. Burada faiz söhbəti olacaq, onu da açıqlayıram: 30 faiz mənim, 70 faizsə maliyyə buraxan tərəfin olacaq.

- İstehsal harada olacaq?
- Deməli eskizlər buradan Milan fabriklərinin birinə yollanacaq. Hər geyimdən təxminən hər fəsil üçün bir partiya hazırlanacaq. Loqonun da üzərində çalışıram. Brenddə ofis geyimi, gündəlik geyim, kokteyl və gecə geyimi nəzərdə tutmuşam. Bu layihənin təqdimatı da möhtəşəm olacaq. Proqramımıza görə açılış belə olmalıdır: şəhərin mərkəzində böyük bir butik və qarşısında podium olacaq. Podimun sağında və solunda oturacaqlar. İndidən deyirəm ki, ideyamızı oğurlasalar da “Ay və Gün” eksklüzivliyimizi qorusun. Siz bilirsiniz ki, Nəzakət xanım, bizim başqa bir fikrimizə də sahib çıxmaq istəyirdilər...

- Hərənin bir sahəsi var da...
- Bəli. Açılış qışda baş tutacaq, çünki təqdimat məhz qarlı havada olmalıdır. Bu, şəxsən mənim arzumdur. Təsəvvür edin, qar yağır, oturacaqların üstü örtülü, podiumun isə açıqdı və açıq havada kolleksiyanın nümayişi keçirilir. Düşünürəm, paytaxt sakinləri gözəl bir şouya tamaşa edə biləcəklər. Gələcəkdə isə bu brendi Azərbaycandan kənarda da tanıtmağı düşünürəm.

- Sənin fantaziyana və enerjinə heç kəsin şübhəsi yoxdu. Amma insanın, xüsusən də, yaradıcı şəxsin əsas stimulu sevgidir.
- Mənim son bir ildə sevgim olmadı, axırıncı sevgimi itirdim, daha doğrusu biz ayrıldıq. Ötən il səhhətimdə problemlər olanda həmin adam demək olar ki, məni yarıyolda qoydu, ikiqat depressiya yaşadım və Allahdan dilədim ki, ay Allah, elə et ki, mən daha heç vaxt heç kimi sevməyim. Deyir, niyyətin hara, mənzilin ora. Bir ildən artıqdı qəlbim bomboş idi. Bu müddət ərzində çox dəyişdim, həyata fərqli tərəflərdən baxmağa başladım. Amma onu da anladım ki, sevgisiz həyat yoxdu. Çox sağ olsun təbiət ki, həyatıma son günlər yep-yeni bir sevgi bəxş edib. Çox gözəl, romantik bir sevgi yaşayıram. Sevirəm və sevilirəm.

- Üz qabığına çəkdirdiyin fotosessiya da xeyli marağa və söz-söhbətə səbəb oldu...
- Əlimizdən gələni etdik ki, oxucuları sözün yaxşı mənasında təəccübləndirək. Bu işdə əməyi keçənlərə təşəkkürlərim var. İlk növbədə “Golden Rose”-a, bütün çəkilişlərimdə, bu jurnalın fotosessiyasında “Golden Rose” həmişə bizim əsas dəstəkçimiz olub. “Emerald” butikinə, şəxsən Ruhi xanıma, “Shah” butikdən Aytən xanıma, fotoqraf Orxana dərin minnətdarlığımı bildirirən. Bir stilist kimi hesab edirəm ki, Orxanın dünyada analoqu yoxdur. Mənim və modellərin imici ilə məşğul olan Fazilə xanıma, Lyubov Kuturovaya və onun “Fashion Model School by Kuturova”, bir də mənim köməkçilərimə “hər şeyə görə təşəkkürlər” deyirəm. Əminəm ki, “Ay və Gün” jurnalının budəfəki sayı çox fərqli və inanılmaz dərəcədə maraqlı olacaq. Və tezliklə jurnalınız Azərbaycanın 1 nömrəli dərgisinə çevriləcək.

Nəzakət Əliyeva, “Ay və Gün”