Bayden ABŞ-ın Azərbaycana birbaşa yardımına icazə verdi

Bayden ABŞ-ın Azərbaycana birbaşa yardımına icazə verdi
Oxunma sayı: 2992

ABŞ Prezidenti Co Bayden ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımı göstərməsinə icazə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Hill” nəşri məlumat verib. Qeyd olunub ki, Bayden Konqresə administrasiyanın “Azadlığa Dəstək Aktı”na 907 saylı düzəlişi təxirə salınma müddətini uzatdığını bildirib.

Dövlət katibi Entoni Blinkenin Konqresə göndərdiyi bildirişdə Azərbaycana göstərilən bu yardımın Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində davam edən səyləri pozmayacağı, prosesə müdaxilə etməyəcəyi və Ermənistana qarşı hücum məqsədləri üçün istifadə olunmayacağı qeyd olunub.

Amerika diplomatiyasının rəhbəri yardımın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək və Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazım olduğunu da qeyd edib.

Baydenin bir müddət əvvəl qondarma erməni soyqırımı ilə bağlı açıqlaması fonunda bu qərar ABŞ-dakı erməni icması tərəfindən çaşqınlıq və qəzəblə qarşılanıb.

Bu məqamda bildirək ki, aprelin 28-də ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin bu il də müvəqqəti dayandırılması barədə məlumat vermiş, Prezident İlham Əliyev bununla bağlı minnətdarlıq bildirmişdi.

Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək Aktı”na qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir.