Bayden-Starmer görüşü - Ukraynaya qoyulan məhdudiyyət nə yerdə qaldı?

bayden-starmer-gorusu
Oxunma sayı: 1797

ABŞ Prezidenti Co Bayden Vaşinqtonda Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bildirilib ki, görüşdə Ukraynadakı vəziyyəti, İran və Şimali Koreyaya aid edilən silah yükünün Rusiyaya tədarükü, Çinin Rusiyanın müdafiəsinə dəstəyi ilə bağlı iddialar, İsrailin Qəzza zolağında həyata keçirdiyi əməliyyatlar və Qəzza zolağında mümkün qədər tez atəşkəs razılaşmasının əldə olunmasının zəruriliyi kimi məsələlər müzakirə olunub.

Danışıqların əsas mövzularından biri Ukraynanın Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərinə endirdiyi zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılması olacağı gözlənilsə də, lakin görüşün yekunlarına dair bəyanatda bu barədə məlumat verilməyib.

AFP-nin məlumatına görə, müzakirələrlə tanış olan iki ABŞ rəsmisi, Starmerin Ukraynanın Rusiyaya genişlənmiş zərbələr endirməsi üçün Britaniyanın “Storm Shadow” raketlərindən istifadə etməsinə icazə vermək üçün Baydenin razılığını almağa çalışdığını söyləyib.

Qeyd olunub ki, sözügedən raketin komponentləri ABŞ-də hazırlandığına görə, Baydenin bu məsələdə təsdiqinə ehtiyac var.

Bundan əvvəl Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi Vaşinqtonun bu məsələdə mövqeyinin dəyişmədiyini vurğulamışdı.