Bayden “Trump” yazılı kepka taxdı, gündəm yaratdı - Video

bayden-trump-yazili-kepka-taxdi-gundem-yaratdi
Oxunma sayı: 2141

ABŞ Prezidenti Co Bayden Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Trampın seçkiqabağı kampaniyasına dəstəyi nümayiş etdirən kepka geyinib. 

“Qafqazinfo” xəbər verir ki, Baydenin üzərində “Trump 2024” yazılan kepkanı geyinməsini əks etdirən görüntüləri Trampın seçki qərargahı öz “X” hesabında paylaşıb. 

Qərargah paylaşımda Baydenə dəstəyə görə minnətdarlıq edib.

Baydenin bu görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. Bunun ardınca, Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts məsələ ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, hadisə ölkə liderinin 2001-ci il sentyabrın 11-də Nyu-Yorkda baş verən terror hadisələri ilə bağlı Şenksvildə keçirilən tədbirdə qeydə alınıb. 

Onun sözlərinə görə, Bayden bununla ölkədə birliyə çağırış edib: “Prezident Şenksvildə yanğınsöndürmə stansiyasında sentyabrın 11-i baş verən hadisələrdən sonra ölkənin ikipartiyalı birliyindən bəhs edib və buna geri dönməyə çağırıb. O, jest olaraq Tramp tərəfdarına kepkanı verib, o isə öz növbəsində prezidentə Trampın kepkasını geyməyi təklif edib. Bayden isə onu qısa müddətlik taxıb”.

Xatırladaq ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də baş tutacaq. Ölkə prezidenti postuna namizədlər sabiq prezident Donald Trampla ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harrisdir.