“Baydenin İlham Əliyevə məktubu ölkəmizə verilən böyük dəyərin ifadəsidir”

“Baydenin İlham Əliyevə məktubu ölkəmizə verilən böyük dəyərin ifadəsidir”
Oxunma sayı: 2262

“ABŞ Prezidenti Co Baydenin Azərbaycanın dövlət başçısına Novruz bayramı münasibətilə ünvanladığı təbrik məktubunda əməkdaşlığa sadiqliyin xüsusi olaraq vurğulanması ölkəmizə verilən böyük dəyərin ifadəsidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Trend-ə siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O bildirib ki, Prezident Baydenin bu yanaşması sübuta yetirir ki, Birləşmiş Ştatlar Azərbaycanın sülh, əməkdaşlıq, təhlükəsizlik və tərəqqiə verdiyi töhfələri yüksək dəyərləndirir və hazırda bəşəriyyət üçün həyati əhəmiyyət kəsb edən bu istiqamətlərdə Vaşinqton-Bakı əlaqələrinin genişləndirilməsi üçün geniş imkanlar var.

“Məktubda qarşıdan gələn dövrdə ABŞ-ın ölkəmizlə daha sıx əməkdaşlıqda maraqlı olmasının ifadə edilməsi iki dövlət arasında Bakı-Vaşinqton əlaqələri üçün ənənəvi olmayan digər istiqamətlərdə də münasibətlərin dərinləşdirəcəyinə işarə edir.

Co Baydenin məktubunda yer alan istiqamətlər, o cümlədən regional barışığın əldə olunması ilə bağlı məqam Azərbaycanın regionda yaratdığı reallıqların qlobal miqyasda qəbul olunduğunu, ölkəmizin suveren hüquqlarına hörmət bəslənildiyini, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normalaşması, davamlı sülhün əldə olunması prosesinə məhz mövcud reallıqlar çərçivəsindən yanaşıldığını təsdiqləyir”, - deyə M.Mirzəbəyli vurğulayıb.

Siyasi şərhçi bildirib ki, son bir ay ərzində Türkiyə və Azərbaycan prezidentləri arasında 3 dəfə telefon danışığı, bir dəfə isə görüş keçirilib.

“Bundan başqa, Azərbaycan Prezidenti ilə NATO-nun Baş katibi, Polşa Prezidenti Anjey Duda, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putin, Fransa Prezidenti Emmanuel Makron , Moldova Prezidenti Maya Sandu, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Rumıniya Prezidenti Klaus Yohannis və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

Bunlarla yanaşı, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consondan, Avstriya Respublikasının Federal Prezidenti Aleksander Van der Bellendən, Fransa Respublikasının Prezidenti Emmanuel Makrondan Prezident İlham Əliyevə ölkəmizin regionda həyata keçirdiyi siyasətə dəstəyin ifadə olunduğu məktublar ünvanlanıb.

ABŞ Prezidenti Co Baydenin məktubunu və bu məktubda qarşılıqlı əməkdaşlığın inkişafına böyük önəm verildiyini də nəzərə alsaq, ölkəmizin regional, subregional və qlobal proseslərdəki rolunun bundan sonra da artacağını, Azərbaycanın Cənubi Qafqazda və daha geniş arealda sülhün, təhlükəsizliyin və qarşılıqlı faydalı əməkdaşlığın istinad nöqtəsinə çevriləcəyini, mübaliğəyə yol vermədən söyləmək mümkündür”, - deyə o qeyd edib.

E.Mirzəbəyli əlavə edib ki, Azərbaycanın dünyada baş verən kəskin, ziddiyyətli dəyşikliklər fonunda özünün qlobal öhdəliklərinə sadiq qaldığını sözdə deyil, əməldə nümayiş etdirməsi, sülh və təhlükəsizliyin təmin edilməsi istiqamətində yürütdüyü çevik siyasət, dünyanın aparıcı dövlətləri, o cümlədən ABŞ kimi supergüc tərəfindən də yüksək qiymətləndirilir.

“Bu gün Azərbaycan sülhün, əminamanlığın, təhlükəsizliyin, humanizm dəyərlərinin keşiyində dayanan və təəssüf ki, sayı bir o qədər də çox olmayan dövlətlərdən biri kimi daha ədalətli dünya naminə səylərini əsirgəmir, uzun illərdən bəri yalnız bəşəriyyətin işıqlı, xoşbəxt gələcəyinə, çoxmədəniyyətliliyin təşviqinə, dialoqa, dinc və firavan birgəyaşayışa xidmət edən siyasət yürüdür, öz timsalında kiçik ölkənin böyük məsuliyyət nümunəsini göstərir.

Azərbaycan Prezidentinə ünvanlanan məktublar da ölkəmizin həyata keçirdiyi siyasətin diqqət mərkəzində olduğunu və təqdir edildiyini sübuta yetirir”, - deyə o qeyd edib.