“Bayram günlərində “Azəriqaz” İstehsalat Birliyinin 104/185 Çağrı mərkəzinə 14 089 məlumat daxil olub. Daxil olan bütün müraciətlərin icrası Birlik əməkdaşları tərəfindən təmin edilib”.
"Qafqazinfo" xəbər verir ki, bu sözləri “Azəriqaz” İB-nin 104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib. Şöbə rəisinin sözlərinə görə, sayğaclarda yaranan problemə görə regionlardan 741, Bakı şəhərində əvvəlcədən ödənişli (smart-kart tipli) sayğaclara ödənişlərin edilməsi ilə bağlı 2417, sayğaclarda yaranan digər problemlərlə bağlı isə Birliyə 4467 müraciət ünvanlanıb.
Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev son günlər sosial şəbəkələrdə Xankəndinə təbii qazın verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib. O, 30 il ərzində ermənilərin qaz təsərrüfatına vurduqları ciddi ziyanı qısa müddət ərzində bərpa etməyin qeyri-mümkün olduğunu, vəziyyətin normallaşması istiqamətində addımlar atıldığını qeyd edib.
Aksiya Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığından vətəndaşların sosial şəbəkə üzərindən ünvanladıqları müraciətlər də Birliyin məsul şəxsləri tərəfindən cavablandırılıb. Vətəndaşın fərdi yaşayış evləri ilə mənzillərin təbii qaz limitinin nə üçün eyni olması ilə bağlı ünvanladığı sualı Birliyin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisi Elçin Qocayev cavablandırıb. Şöbə rəisi təbii qazın limitinin və tarifinin dəyişdirilməsi kimi məsələlərin “Azəriqaz” İB-nin səlahiyyətləri çərçivəsində olmadığını bildirib. O, bina mənzilləri ilə fərdi yaşayış evləri arasında heç bir fərq olmadığını, eyni qaz qurğularından istifadə olunduğunu diqqətə çatırıb.





Son xəbərlər
Son Xəbərlər