Bayramda sevinən əsgərlər - Fotolar

bayramda-sevinen-esgerler
Oxunma sayı: 3644

Müdafiə Nazirliyi ilə “Nar”ın birgə təşkil etdiyi görüş duyğulu anlarla yadda qalıb.

Səhər çox erkən olsa da, valideynlərin çoxu deyilən vədədə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (keçmiş Salyanski kazarma) həyətinə toplaşmışdılar. Gözlərində sevinc olsa da, çoxunun həyəcanlı olduğu üzlərindən sezilirdi. Narahatlıqla digər valideynlərin gəlib çıxmasını, mümkün qədər avtobusun yerindən tez tərpənməsini gözləyirdilər. Sürücüdən avtobusun çıxış vaxtını öyrənən kim,  mənzil başına çatacağı saatı dəqiqləşdirməyə can atan kim...Həyəcanlı baxışları,  az qala mənzil başına çatacaqları zamanın arxasınca düşüb qaçmaq istəkləri isə səbəbsiz deyildi. Axı onlar bu gün həsrətlə gözlədikləri arzularına, neçə aylardır ki, o günün xəyalını qurub gündə bəlkədə yüz dəfə şəklini öpərək, boyunu sevdikləri əsgər övladlarına qovuşacaqdılar. Biz isə həmin anın canlı şahidi olmaq, bu sevincdən bir pay götürmək üçün yola düzələcəyimiz vaxtı gözləyirdik. Artıq hamımızın səbirsizliklə gözlədiyimiz vədə yetişmişdi. Üç iritutumlu avtobus ardı-ardına düzülərək Bakıdan cəbhəboyu zonada yerləşən rayonlarımızdan biri istiqamətində hərəkət edirdi. Müdafiə Nazirliyi ilə “Nar”ın şanlı ordumuzun yaranmasının 100-cü ildönümü və Novruz bayramı ərəfəsi təmənnasız təşkil etdiyi bu səfərdən yararlanlar arasında uzaq bölgələrimizdə yaşayan valideynlər də vardı. Fürsət ayaqlarına qədər gəlmişkən əsgər övladlarını görmək şansını əldən verməyən valideynlər, onlar üçün hazırladıqları novruz sovqatını da götürüb yolumuzun üstündə dayanaraq gözləyirdilər. Hamının istəyi heç də yaxın olmayan bu məsafəni tez qət etmək, o həyəcanlı və sevincli anı tez yaşamaq idi. İlan kimi qıvrılan yollarla üzü yetişəcəyimiz mənzilə doğru qalxdıqca, başı qarlı dağları gördükcə, görüş üçün niyə məhz burada yerləşən hərbi hissənin seçilməsini anlayırdıq. Əlbəttə, övladı bu yüksəklikdə həqiqi hərbi xidmət keçən hər valideyn üçün asan deyildi bu qədər məsafəni qət edərək öz övladını görmək. Odur ki, yüksəyə qalxdıqca Müdafiə Nazirliyi ilə “Nar”ın birgə təşkil etdiyi bu görüşün həm də bayram öncəsi nə qədər xeyirxah bir addım olduğunu anlayırdıq. Yolboyu bu düşüncə ilə axır ki, yetişirik cəbhə zonasında yerləşən N saylı hərbi hissəyə. Qonaqları yüksək hörmət və ehtiramla qarşılayan hərbi hissə rəhbərliyi övladlarının görüşünə gələn valideynləri çox gözlətmədi. Biz hərbi hissəyə çatdıqda artıq bayram ab-havası hiss olunurdu. Qurulan tonqal ətrafına toplanan əsgərlərin bir qismi isə bu gün öz valideynləri ilə görüşəcəklərindən xəbərsiz idilər. O sevincli anın yaşanmasına saniyələr qalmışdı.  Komandirlərinin əmri ilə arxaya çevrilmiş üzlərini geri döndərərək öz valideynlərini, doğmalarını görən əsgərlərin, eləcə də valideynlərin simasında yaranmış sevinci isə ifadə etməyə söz də aciz idi. Boyuna dolaşan qollar, bir-birinə dəyən isti nəfəslər soyuq havaya bir hənirti, istilik gətirmişdi sanki... Hər kəs dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, qarlı-şaxtalı açıq havada olduğunu unutmuşdu sanki...

Ən təsirli səhnə isə körpə övladını qucağına alıb ətrin içinə çəkərək öpüb-qoxulayan Mahmudovlar ailəsinin görüş anında yaşanırdı. Övladı 1 aylıq olandan sonra həqiqi hərbi xidmətə yollanan Mirsadiq Mahmudov 6 aylıq övladı ilə ikinci dəfə hərbi xidmət keçdiyi hərbi hissədə görüşürdü. Nə ata gözünü öz körpə övladından ayırır, nə də dənizdən rəngini alan mavi gözü olan fidan, baxışlarını atasının üzündən çəkirdi. Əsgər Mirsadiq Mahmudov övladının onun görüşünə gəlişindən hədsiz sevinc hissi keçirdiyini, bu gözlənilməz görüşün sanki yuxuda baş tutduğunu söyləyir: “Hələdə elə bilirəm ki, yuxu görürəm. İnana bilmirəm ki, ailəm məni görmək üçün bura qədər gəlib çıxıb. Mən onun əlini tutanda çox kiçik idi.  O gündən altı ay keçib. Qızım xeyli böyüyüb. Onun üçün çox darıxırdım. Tez-tez yuxuda görürdüm. Qucağıma aldığımı, oxşadıb öpdüyümü görürdüm. Səhər açılanda bilirdim ki, gördüklərim hamısı yuxudur. Sevincimi necə ifadə edim, bilmirəm. Bircə kəlmə onu deyə bilərəm ki, mənim yuxularımı gerçəyə çevirib körpə balamı mənə qovuşduranlara minnətdaram. Bu xeyirxah işin ideyasını verənlərə, həyata keçirənlərə, anamı, atamı, ailəmi mənimlə görüşə təmənnasız gətirənlərə çox təşəkkür edirəm”.

Mirsadiq öz övladına, gözü yaşla dolan Atlas Mahmudova isə öz əsgər övladına bərk-bərk sarılmışdı.

Valideynin öz övladından ayrı qalmasının nə qədər çətin olduğunu öz timsalında yaşadığını söyləyən Atlas Mahmudova Mirsadiqi görmək üçün Bərdə rayonundan gəldiklərini söyləyir: “Bu hərbi hissə bizdən xeyli uzaqdadır. İmkan edib gəlib oğlumu görə bilməmişdik. Arada komandiri vasitəsilə telefon əlaqəsi yaradıb kefini soruşurduq. Deyirdi ki, qızım üçün darıxmışam, gəlsəniz onu da gətirin. Bizim imkanımız yox idi ailəlikcə gəlib ovladımızı görməyə. Allah bayram qabağı bizə belə xoş sürpriz edənlərin ocağını daim yanar eləsin. Balam öz körpəsinə qovuşdu”.

Şamaxının Nəriman kənd sakini Yüzbaşıyeva Şəlalə isə oğlunu 1 il bundan öncə, Gəncədə andiçmə mərasimində gördüyünü deyir. Həmsöhbətimiz deyir ki, Müdafiə Nazirliyindən zəng gələndə bir az həyəcanlansa da, xəbər sevindirici olduğundan həyəcanı uzun sürməyib: “Nə yalan deyim, nazirlikdən zəng gələndə bir az həyəcanlandım. Dedim bəlkə, dilim-ağzım qurusun, uşağa nəsə olub. Amma deyəndə ki, “oğlunuzu bayram qabağı görmək istəyərsinizmi” dolan gözlərimi sevinc bürüdü. Oğlum Əmrah Yüzbaşıyev bir il dörd aydır ki, həqiqi xidmətdədir. Ürəyim onun yanındaydı. Gəlib görə bilmədiyimdən, lap narahat idim. Gen evimdə özümə yer tapa bilmirdim. Bayram qabağı hamı ev-eşik töküb bayram hazırlığı edəndə, mənim əlim işə-gücə yatmırdı. Ürəyimdə deyirdim ki, balamı görməyə gedə bilməsəm də,  göydən bir qanadlı mələk gələ, bir bayram xonçası tutub oğluma göndərərdim. Amma “niyyətin hara, mənzilin də ora”məsəli düz imiş. Elə oldu ki, bayram xonçasını özüm gətirdim oğluma. Bu xeyirxah işi görənlərin nə qədər savab qazandığını bir o Allah bilir. Bayramımız bayrama qarışdı bu Novruz”.

İkinci qrup əlil, məcburi köçkün Cəmalə Məmmədovaya yaxınlaşsaq da, onu oğlu Məmmədzadə Muradla şirin söhbətdən ayırmağa ürəyimiz gəlmirdi. Tez-tez övladının üzünü sığallayan, bir əli ilə oğlunun əlindən bərk-bərk yapışan ana danışanda göz yaşını saxlaya bilmədi: “Mən ağır əməliyyat keçirmişəm. Oğlumu gəlib görə biləcəyimə heç gümanım qalmamışdı. Özüm gedə bilmədiyimdən, gözüm yollarda qalmışdı. Deyirdim bəlkə bayramda balamı məzuniyyətə buraxarlar, məndə onu görəm. Elə bunu düşünürdüm ki, zəng gəldi telefonuma. “Səni oğlunu yanına aparırıq, getmək istəyirsənmi” sualını eşidəndə əvvəlcə qulaqlarıma inanmadım. Arzum çin olmuşdu. Belə fürsəti əldən qaçıra bilməzdim. Əməliyyatdan təzə qalxsam da, oğlumu görməyə gəldim. Mənə bundan böyük bayram sovqatı olmazdı. Sonra eşitdim ki, bu xeyirxah ideyanı “Nar” irəli sürüb. Bizim bura gəlib çıxmağımıza vəsilə olan hər kəsə minnətdaram. Ən böyük savabdır, ananı balasına qovuşdurmaq. O da qala xəstə, yorğan-döşəkdə yatılı qalan, gözü qapılarda qalan ana ola. Bəlkədə cənnəti qazandılar bu xeyirxah işi görənlər”.

Müdafiə Nazirliyi və “Nar”ın təşəbbüsü ilə Novruz bayramı ərəfəsində ön xətdə yerləşən N nömrəli hərbi hissədə əsgərlər və valideynlərin görüşü  yüksək  təəssürat  yaratmışdı bizdə.  Hər kəsin üzündə sevinc vardı. Görüş otağından kənarda, tonqal ətrafında da böyük coşqu vardı. Təşkil olunan möhtəşəm tədbirdə çıxış edən polkovnik-leytenant Siyavuş Mustafayev hərbiçi və əsgərləri Novruz bayramı münasibətilə təbrik edib, təşkilatçılara ön xətdə belə bir tədbir keçirdikləri üçün minnətdarlığını bildirdi. Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və ordu birliyinin komandiri general-mayor Xəqani Cəbrayılovun  Novruz  təbrikləri oxundu. Əsgərlər və valideynlər qarşısında çıxış edən Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik-leytenant Emin Səfərov xalqımızın ən qədim və müqəddəs bayramlarından olan Novruz bayramı münasibətilə hər kəsi təbrik etdi.

Ədliyyə polkovnik Əmrah  Mehtiyev çıxışında Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru general-leytenant Xanlar Vəliyevin və hərbi prokurorluğun kollektivi adından hər kəsi təbrik etdi.

Azərbaycan əsgərinin qürur mənbəyimiz olduğunu deyən “Nar”ın mətbuat xidmətinin rəhbəri Əziz Axundov bayram  münasibətilə təbriklərini və xoş arzularını çatdırdı.  Azərbaycan Ordusunun xalqımızın güvənc yeri olduğunu qeyd edən Əziz Axundov belə görüşlərin davamlı olması üçün əllərindən gələni edəcəklərini diqqətə çatdırdı. Ə. Axundov, belə görüşlərin əsgərlər üçün mənəvi dəstək rolu oynadığını, onlarda ruh yüksəkliyi yaratdığını, əsgər və zabitlərin Ali Baş Komandanın əmr və tapşırıqlarına sözsüz hazır olduqlarını ifadə edərək, düşmən üzərində qələbənin uzaqda olmadığını bildirdi. 

Daha sonra xidmətdə fərqlənən əsgər və zabitlərə bayram hədiyyələri təqdim edildi. “Nar”ın hərbi hissəyə təqdim etdiyi LED televizorlar, akkumlyatorla  işləyən radio, dama, şahmat, domino oyunları və iki yüz müxtəlif yazarların əsərlərindən ibarət kitab əsgər və zabit heyyətinə əsl bayram sovqatı oldu. Tədbirin rəsmi hissəsi hərbi hissənin rəhbərliyinin çıxışı,  qonaqlara təşəkkür ilə sona çatdı. Bayram münasibətilə qalanan tonqalın ətrafında tədbirin rəsmi hissəsi bədii hissə ilə, konsert proqramı ilə əvəzləndi. Tədbir valideynləri ilə görüşə bilməyən əsgərlərdə də, böyük ruh yüksəkliyi yaratmışdı. Onlar uzun məsafə qət edərək Novruzu  dağların başında yerləşən N nömrəli hərbi hissədə qarşılayan hər kəsə minnətdarlıqlarını ifadə edirdilər. Amma əsl qəhrəmanlığı elə onların özlərinin etdiyinin, soyuq havada sinələrini düşmənə sipər edərək Vətəni ayıq-sayıq qorumağın böyük qəhrəmanlıq olduğunun fərqinə varmırdılar. Hərbi hissədə yüksək səviyyədə yaradılmış şərait, valideynlərə də təsəlli verirdi. Övladlarının əmin əllərdə olduğunu öz gözləri ilə gəlib görüb əmin olan valideynlərin üzündə bu görüşdən sonra sanki bir rahatlıq, arxayınlıq ifadəsi vardı. Nümunəvi hərbi xidməti ilə seçilən əsgərlərin bəziləri elə valideynləri ilə birgə evə gedəcəklərindən onların sevinci ikiqat idi. Qaş qaralmağa doğru olsa da, digər valideynlərin isə övladının yanında daha çox qalmaq istəyi üzlərindən görünürdü. Amma bizim qarşıda dolanbac yollardan keçmək, sis duman aşırımda hərəkəti görünməz etməmişkən magistral yola düzəlmək üçün çox az vaxtımız qalmışdı. Qarşıda isə bizi təxminən yeddi saatlıq yol gözləyirdi. Fərq isə bircə ondaydı ki, səhər həyəcan, intizar içində gəldiyimiz bu yolu böyük təəssürat, şanlı ordumuza daha da artan güvən, rahatlıq və əminlik hissi ilə geri qayıdırdıq. Bu təəssüratlarla Novruz bayramını qarşılamaq isə sözlə ifadə edilməyəcək bir hissdir. Bu hissi əsgər analarına, atalarına yaşadan  “Nar”ın isə ən böyük qazancı, gözü övlad yolu çəkən valideynlərin sevincləri, duaları idi.    

Bakı-Daşkəsən-Bakı

Zülfiyyə QULUYEVA