Bayramov Bakıda belaruslu həmkarı ilə görüşdü - Foto - Yenilənib

bayramov-bakida-belaruslu-hemkari-ile-gorusdu
Oxunma sayı: 1642

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Bakıda səfərdə olan belaruslu həmkarı Sergey Aleyniklə təkbətək görüşü keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Azərbaycan XİN-in “X” hesabında paylaşılıb.

***

Nazirlərin təkbətək görüşü başa çatıb. Daha sonra tərəflər iqtisadiyyat, nəqliyyat, sənaye, kənd təsərrüfatı və s. sahələrdə strateji tərəfdaşlığın perspektivlərini müzakirə etmək üçün geniş tərkibdə görüşüblər.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi təşəbbüsləri, münaqişədən sonrakı regional vəziyyət, həmçinin Azərbaycanın COP29-a sədrliyi barədə fikir mübadiləsi aparılıb.

***

Azərbaycan XİN-in yaydığı məlumata görə, dörüşdə Azərbaycan və Belarus arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, Belarus Prezidentinin ölkəmizə planlaşdırılan dövlət səfərinə hazırlıq məsələləri, habelə regional vəziyyət müzakirə olunub.

Tərəflər iki ölkə arasında diplomatik münasibətlərin qurulmasından ötən 30 ildən artıq müddət ərzində iqtisadiyyat, ticarət, emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat, turizm, əczaçılıq, yüksək texnologiyalar, humanitar və s. istiqamətlər üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin formalaşmasını məmnunluqla qeyd ediblər. Xüsusilə, iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsində yaxın günlərdə növbəti iclasının keçiriləcəyi iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əhəmiyyətli rol oynadığı diqqətə çatdırılıb.

İki ölkənin liderləri arasında intensiv təmasların mövcud siyasi dialoqun inkişafında müstəsna rolundan bəhs edən C.Bayramov, Belarus Prezidentinin ölkəmizə dövlət səfərinin, habelə səfər çərçivəsində müxtəlif sahələr üzrə sənədlərin imzalanacağının əhəmiyyət kəsb etdiyini bildirib.

Mövcud strateji tərəfdaşlıq xarakterli ikitərəfli münasibətlərin regional və beynəlxalq çoxtərəfli platformalar, o cümlədən BMT, ATƏT və MDB çərçivəsində uğurla davam etdirildiyi bildirilib.

Qarşı tərəf, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, bu istiqamətdə əməkdaşlıq imkanları barədə ətraflı məlumatlandırılıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyimiz, bu çərçivədə aparılan danışıqlar prosesi və görülən təşkilati tədbirlərdən bəhs edən nazir, sədrliyimiz müddətində tərəfdaşlarımızın dəstək və aktiv iştirakçılığına əhəmiyyət verdiyimizi diqqətə çatdırıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.