Bayramov Çexiya Deputatlar Palatasının sədrini qəbul edib

bayramov-cexiya-deputatlar-palatasinin-sedrini-qebul-edib
Oxunma sayı: 2551

Xarici işlər naziri Ceyhun Bayramov Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşüb.

XİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, görüş zamanı iki ölkə arasında qarşılıqlı səfərlərin, davamlı siyasi dialoqun, həmçinin parlamentlərarası əməkdaşlığın önəmi qeyd olunub və ikitərəfli iqtisadi münasibətlərin, xüsusilə də enerji, yaşıl iqtisadiyyat, turizm, kənd təsərrüfatı, təhsil, qarşılıqlı sərmayə qoyuluşu və digər istiqamətlər üzrə əməkdaşlıq perspektivlərinin mövcudluğu vurğulanıb.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən ətraf mühitin mühafizəsi, bərpa olunan enerji mənbələrinə keçid üzrə görülən tədbirlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi və bu sahədəki beynəlxalq öhdəliklərinə verdiyi önəmi vurğulayıb. 

Nazir Ceyhun Bayramov Azərbaycanın Aİ və üzv dövlətlərin etibarlı tərəfdaşı olduğunu, ölkəmizə qarşı ikili standartların tətbiqinin və ədalətsiz yanaşmanın sərgilənməsinin regionda dayanıqlı sülhün qurulmasına töhfə vermədiyini diqqətə çatdırıb. O, həmçinin Avropa Şurası Parlament Assambleyasında anti-Azərbaycan xarakteri daşıyan qərarın qəbul edilməsi və Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsi ilə bağlı azlıq olan bir qrupun təşəbbüsünün dialoqa xidmət etmədiyini bildirib.

O, Azərbaycan və Ermənistan arasında 30 ildən sonra ilk dəfə olaraq sülh üçün real şərait yarandığını, Aİ və bəzi üzv dövlətlər tərəfindən hər hansı ad altında Ermənistana hərbi yardım göstərilməsinin və ya Ermənistana havadarlıq etməklə sülh prosesindən yayındırılmasının Cənubi Qafqaz regionunda dayanıqlı sülhün qurulmasına xələl gətirəcəyini qeyd edib.

Görüşdə iki ölkə arasında gündəlikdə duran digər aktual məsələlər və qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.