“Ayrıldıq, bitdi deyə bir şey yoxdu” - “Erkəklər”

ayrildiq-bitdi-deye-bir-sey-yoxdu-erkekler
Oxunma sayı: 1701




Bu günlərdə Azərbycanın istedadlı yazarı Aysel Əlizadənin “Erkəklər” kitabı çapdan çıxıb. “Qafqazinfo”nun məlumatına görə, bu, müəllifin sayca üçüncü kitabıdır. Çağdaş dünya inasanını əhatə edən bir çox ciddi və qlobal məsələlərə toxunulan “Erkəklər” əsərində bu problemlərin insan həyatında dərin izlər buraxdığı iki qəhrəmanın – yazıçı kişi və həkim qadının dialoqları fonunda konkret detallarla əks olunur. Klassik qadın-kişi münasibətlərinə fərqli baxış, xəyanətin insan həyatında ağrılı və dərin izlər buraxması və bunun insan taleyini alt-üst etməsi kimi psixoloji məqamlar əsərdə qabarıq ştrixlərlə verilir. Müasir dünyanın yaratdığı sosial-siyasi problemlər birbaşa insanın həyatına nüfuz edir, bəzən onu istəmədiyi seçim qarşısında da qoya bilir – əsərdə yer alan əsas məsələlərdən biri də budur; həyata öz baxışı olan, fərqli düşüncə tərzinə sahib bir qadın həyatın qəddar sınaqları qarşısında tək qalsa da, sınmır. Belə psixoloji təlatümlərlə üz-üzə qalan insan taleyi «Erkəklər» əsərində dəqiq cizgilərlə qələmə alınıb.

Qeyd edək ki, «Erkəklər» kitabı artıq satışdadır. Kitabı Bakı şəhərindəki «Əli və Nino» kitab mağazalarından əldə etmək olar.
Kitabdan bir parçanı “Qafqazinfo”nun oxucularına təqdim edirik.


Aysel ƏLİZADƏ

Erkəklər

(Əsərdən parça)


…Kişilərin bir yaxşı xüsusiyyəti də var. Deyingən deyillər. Bir kişi ki, deyingəndi, deməli onda nəsə qüsur var. Yaxşı kişi deyingən olmur. Doğru sözümdü. Mənim deyingən sevgilim də olub. Çox görüşmədik. Hövsələm çatmadı sözün düzü. Belə pis adam deyildi. Ölürdü məndən ötrü. Dünyada məndən gözəl, məndən ağıllı, məndən maraqlı qadın yox idi onunçün. Di gəl, heç nədən o qədər deyinirdi beynim çat verirdi. Musiqiçiydi, yaxşı saz çalırdı. Özü də pis oxumurdu, səsi də vardı. Tanınmış bir maşın zavodunda çalışırdı. Deyinməyi olmasa, çox rahat keçinərdik. Bəlkə bir az çox görüşərdik. O, evlənmək istəyirdi. Bütün günü mənə evlilik təklif edirdi. Əl çəkmirdi. Ancaq fikirləşəndə ki, ömrümün sonuna kimi bunun deyinməyinə qulaq asmalı olacam, havalanırdım. Özüm heç deyingən deyiləm axı. Beynim səs götürmür. Bu da zavodda işlədiyi üçün ucadan danışmağa öyrəşmişdi. Elə bərkdən danışırdı, vay-vay. Bağırırdı lap. Onun bir telefonla danışmağı vardı, adam qaçıb gizlənmək istəyirdi utandığından. Kişinin səsi qadını yatırtmalıdı. O, elə bil dalaşırdı danışanda. Kişinin səsi çox vacib şərtdi mənimçün. Onunla danışanda şahzadəylə danışdığını sanmalısan. Elə səsindən ona təslim olmaq istəyin oyanmalıdı. Kişi ki, telefonda küçə alverçisi kimi bağırdı, boşla getsin. Bir də kişinin səsində bir qətilik olur, onu yaman sevirəm. Qadını canından artıq sevə bilər, ancaq səsində qətilik yoxdusa, ona güvənmək olmaz. Ərdarda dəyişik olurdu. Birdən elə danışırdı, deyirdin dünyanın ən qərarlı erkəyidi. Birdən də söz ağzından tökülürdü, bilmirdin nə deyir. Sözü yağ kimi əridirdi ağzında. Xoşum gəlmirdi ondan belə danışanda. Söz daş kimi olsun gərək. Həlim danışmaq başqa şeydi. Xoş sözlər desin, könlünü alsın, əzizləsin, o ayrı. Bir də var adi sual verir, məsələn, evə nə alım gələndə? Baş açammırsan. Üç dəfə soruşursan “nə ?” Heç təsəvvür eləyə bilməzsən, səs nə qədər tutumlu səbəbdi bir adamı sevməyə, ya da onu rədd eləməyə. Mən bunu kəşf eləmişəm. Doğru sözümdü. Bir sevgilim vardı. Hər dəfə onunla danışandan sonra o qədər əsəbləşirdim başım ağrıyırdı. Elə hala qalırdım təsəvvür eləyə bilməzsən. Halım çönürdü. Onunla iki kəlmə adam balası kimi ağız tərpəşdirə bilmirdim. Yazıq elə aramağını görürdü, it kimi hürürdüm. Bütün zəhərimi tökürdüm üstünə. Heç söz deməyə fürsəti olmurdu. Eləcə telefonu qaldırıb onun salamını eşidirdim, dünya başıma yıxılırdı. Elə bil məni buzlu suya soxurdular. Bədənimə vicvicə düşürdü. Çıxırdım özümnən. Dalaşırdım, ağzıma gələni deyib, qapıyırdım telefonu. Uzun müddət özümə gələmmirdim. Sakitləşəndən sonra da ha çalışırdım nəyə əsəbləşdiyimi yadıma salım, salammırdım. Günlərlə görməsəm, səsini eşitməsəm, darıxmazdım. Heç qram da darıxmırdım onunçün. Ancaq məni həqiqətən sevirdi. Nəfəs alırdı mənnən. Bilmirdi mənimçün neyniyə. Bir gün güzgü alıb gətirdi ki, bütün günü bax gör necə gözəlsən. Qəşəng güzgüydü. Həmişə çantamda gəzdirirdim. Bilirdi ki, kinoya getməyi xoşlayıram. Təzə nə film gəldi bilet alıb dəvət eləyirdi məni. Ancaq nə illah elədim onu teatra apara bilmədim. Ürəyi darıxırdı teatrda. Deyirdi, mən hətta dünyalar qədər sevdiyim qadın üçün də özümü yalannan böyük sənət vurğunu kimi apara bilmərəm. Teatrda bağrım yarılır. Bir gün ona niyə bu qədər dözə bilmədiyimi tapdım. Çox düşünürdüm bu haqda. Möcüzəydi, axı. Səsini eşidən kimi qıcıqlanırdım. Axırda tapdım. Onun boğuq səsi vardı. Elə bil dərənin dibindən gəlirdi. Küt, boğuq səs idi. Bir qram da cingiltisi yox idi. Əsəblərimə toxunurdu. Gicgicə bir səsdi. O danışanda adam udqunurdu, boğazını qururdu onun yerinə. Fikrin qalırdı səsdə, istəyirdin birtəhər açasan, nəsə edəsən ki, düzəlsin. Sinirlərim gərilirdi. Səs axı adamın birbaşa beyninə işləyir. Bir var səs beyninə bulaq kimi axır, bir də var küt bıçaq kimi sürtür. Bax elə ürpəşirdim. Ondan ayrılandan sonra özümə gəldim. Səsiylə yadımda qalan sevgililərim də olub. Bəh-bəh, birinin necə şaqraq səsi vardı. Necə bahalı səs idi. Bir səsiylə adamı ala bilərdi. Heyf. O, ümumiyyətlə aləm idi. Həm özü dəhşətli dərəcədə yaraşıqlı idi, həm səsi, həm də xasiyyəti. Ölürdüm ondan ötrü. Onun bir “alo”suna dünyaları vermək olardı. İlahi, kişinin necə ölümünə cazibəli səsi ola bilərmiş. Elə qısqanırdım onun səsini. Bir yerə zəng vuranda deyirdim dəstəyin o başındakı qadındısa, yüz faiz mənim keçirdiyim hissləri yaşayacaq. Hirsimnən partlayırdım. Onu yaman qısqanmışam. Elə bil nağıldan çıxmışdı. Şah balasıydı zalım oğlu. Bir baxışı vardı, yerimdən tərpənəmmirdim. Qurudurdu adamı ayaq üstə. Dilim topuq vururdu onu görəndə. Belə də erkək olar? Şəkil idi, şəkil. Elə qorxurdum onu itirməkdən. Ona görə yox ki, onsuz yaşaya bilməzdim, yox, ona görə yox ki, o yaraşıqlı idi, o da yox. Ona görə ki, o öz sevimli varlığıyla həyatıma bəzək qatırdı. Hə, o bəzək idi. Addımlarında da ucalıq vardı. Elə bil Sultan Süleymandı gəlir. İlahi, o necə gözəl sevirdi. Necə gözəl. Sevgi bitmirdi onunla. Saçlarından barmaqlarına kimi sevirdi. Belə kişinin ayağı sürüşkən olmur. Kişi dad alırsa eşqdən, təmkinlidirsə, ondan yoxdu. Onun sədaqətinə də zaval yoxdu. Qadın da ona bağlanır hər cür. Əsiri olursan, sevgilisi olursan, xanımı olursan. Belə kişi dayanıqlı olur, möhkəm olur, etibarlı olur. Belə kişiyə qadın sonsuza qədər arxalana bilər. Kişiyə arxalanmaq lazımdı. Onun yer üzündə qadın qarşısındakı tək önəmli missiyası budu. Qadını ona arxalansın gərək. Öz qadını. Ola bilər bir gün başqa qadını sevər. Bu da doğaldı. İnsandı, duyğularını zorlaya bilməz. Ancaq etibarlı kişi heç vaxt qadını aldatmaz. O, hər şeyi açıq deyər, gedəndə də kişi kimi gedər. Səni burda, onu orda yalanlamaz. Və ömrünün sonuna qədər, əgər sənə gərək olsa, dostundu, yardımçındı. Qadınlarda belə adət yoxdu. Qadınlar ayrıldıqları kişiyə az qala nifrət eləyirlər. Dostluq saxlamırlar. Həmişə özlərini onun qurbanı kimi aparırlar. Zəhləm gedir qadınların bu cizgisindən. Qurban cizgisi. O ya kişiylə bir yerdə olanda özünü qurban edəcək, ya da ayrılanda özünü onun qurbanı sayacaq. Qadınlar heç unutmurlar. Qələt eləyib kişi bir dəfə yalnışlığa yol verə, vay halına. Qadın bunu yaddaşına möhürləyəcək. Yeri gələndə elə pis macalda ona sözünü yeridəcək, 7 qatından keçəcək kişinin. Demirəm ki, mənim belə əməlim olmayıb. Olub, yeri gələndə. Mən də erkəkdən qisas almaq üçün fürsət gözləmişəm, olub. Ancaq heç vaxt ona düşmənim kimi baxmamışam, heç vaxt. Bağışlamağı da bacarmışam. Ən pis xəyanəti də bağışlamaq olur. Kişiləri bağışlamaq lazımdı. Axı, onlar xoşdular. Onlar necə uşaqdılar. Necə maraqlıdı onları izləmək. Mən həmişə sevgililərimi izləmişəm altdan-altdan. Onlar inanılmaz dərəcədə təbiidilər. Bütün qüsurlarıyla birgə. Gülməlidilər. Onlardan fövqəlbəşəri hərəkətlər gözləmək lazım deyil. Onlar elə özləri fövqəlbəşəridilər. Doğru sözümdü. Erkəklər qadının yanına yaraşıqdı. Təbiətin ən doğal, ən sayğıya layiq varlıqlarıdı erkəklər. Adamı necə qoruyurlar. Necə ağıllıdılar. Doğru sözümdü. Özəl fikrimi deyirəm, erkəklərimin heç biri qavrayışsız olmayıblar. İstənilən normal qadına anlamlı, xoş anlar yaşada bilərdilər. Doğru sözümdü, mən onları çox ürəksiz vermişəm başqa qadına, nigaran qalmışam. Gül kimi oğlan düşəcək indi bir dılğır-dəyər qadının əlinə, heyif olacaq düşünmüşəm həmişə. Ürəyimdə hər birinin yeri var. Doğru sözümdü. Düşmən deyilik ki. Bir vaxt doğma olmuşuq, sevgilidən daha doğma nə var ki. Qan bağlılığın-zadın yox, adamı bütün ruhunla istəyirsən. Bundan daha böyük nə hiss ola bilər? Övladı, bacını, valideyni sevmək təbiidi. Səndən asılı deyil. Bir də var yad balası sənin əzizinə çevrilir. Bundan irrasional nə ola bilər, axı. Məncə, olmaz. Hətta vətən sevgisi də doğaldı. Doğulursan, böyüyürsən, məcbur qalıb sevirsən. Bir yad adamı sevməyə səni nə məcbur edə bilər? Heç nə. Gör indi bu necə güclü hissdi. Möcüzədi, möcüzə. Ona görə mən heç bir sevgilimi unutmuram, silib atmıram. O qədər duyğulu anlar yaşamışıq, zaman paylaşmışıq, zaman. Necə unudasan. Bir də həyatının tən ortasından keçən adamı unutmaq nə qədər insafdandı? Yox, mən belə eləməmişəm. Onunla bir yolçuluğa başlamışıq nə vaxtsa. Ayrıldıq, bitdi deyə bir şey yoxdu. Həyat davam edirsə, o da davam edir mənimçün. Nə vaxt gəlsə, yenə əzizimdi. Onun həmişə yeri var, onu həmişə sevirəm…