Azərbaycan “Baltika”sı Gürcüstanı zəhərlədi - Yenilənib

azerbaycan-baltikasi-gurcustani-zeherledi-yenilenib
Oxunma sayı: 762

Azərbaycanda istehsal olunaraq Gürcüstana ixrac olunan “Baltika” pivələri istehlakçılar arasında zəhərlənmələrə, mədə-bağırsaq xəstəliklərinə səbəb olub. Bu barədə Gürcüstanın müvafiq istehlakçı hüquqlarını qoruyan təşkilatlarından, ekspertiza qurumlarından Azərbaycanın Azad İstehlakçılar Birliyinə rəsmi məlumat daxil olub. “Qafqazinfo”ya məlumat verən mənbə bildirib ki, 150 min dollarlıq Azərbaycandan Gürcüstana ixrac olunan “Baltika” pivəsi artıq satışdan çıxarılıb, geri qaytarılma ərəfəsindədir.

Faktı “Qafqazinfo”ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da təsdiqləyib. Bildirib ki, ona Gürcüstanın ekspertiza institutları tərəfindən rəsmi məktub göndərilib: “Azərbaycandan gedən “Baltika” pivəsi artıq Gürcüstan bazarlarında satışdan çıxarılıb, anbarlara yığılıb, Gürcüstanın əmtəə bazarına buraxılması qadağan olunub. Hətta məndən xahiş etdilər ki, Azərbaycanda da bu təhlükəli pivələrin satışdan çıxarılması üçün tədbirlər görülsün. Mən artıq sabahdan dövlət qurumlarına bununla bağlı rəsmi məktub göndərəcəyəm ki, yerli “Baltika” Pivə Zavodunda istehsalla bağlı yoxlamalar aparsınlar. Azərbaycanda da Gürcüstandakı vəziyyət təkrar olunmasın”.
E. Hüseynov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, İqtisadi İnkişaf və Səhiyyə nazirliklərinə, Dövlət Gömrük Komitəsinə şirkətdə ciddi araşdırmalar aparılması üçün məktub hazırlayıb. Adı çəkilən pivənin tərkibində hansı zərərli maddələrin olduğuna gəlincə, qurumun sədri qeyd edib ki, “Baltika” pivələrinin tərkibində sürətlə çöküntülər əmələ gəlir. Başqa hansı zərərli maddələrin olmasını, yəqin ki, dövlət orqanları araşdıracaq.

“Baltika” şirkətinə olan iradların birtərəfli qalmaması üçün şirkətin Azərbaycandakı nümayəndəliyi ilə də əlaqə saxladıq. Nümayəndəlikdən isə bildirdilər ki, yaxın saatlarda şirkət rəsmi açıqlamasını verəcək.

***


Məsələ ilə bağlı “Baltika-Bakı” “Qafqazinfo”nun sorğusuna cavab verib. “Baltika-Bakı” bu məlumatların həqiqətəuyğun olmadığını bildirib: “Hazırda biz yeni distribyutor axtarışındayıq və bu səbəbdən Gürcüstana heç bir məhsulumuzu göndərmirik. Həmçinin, "Xırdalan" pivəsi heç bir vaxt bizim Gürcüstana ixrac etdiyimiz məhsullar sırasında olmayıb. Azərbaycanın ən məhşur brendinin Gürcüstanda satılması üçün göndərilməsi məsələsi hazırda müzakirə mərhələsindədir”



Nigar Məmmədli