“Azərbaycan bu bəladan xilas olmayıb”

azerbaycan-bu-beladan-xilas-olmayib
Oxunma sayı: 689

Parisdə terrorizm qurbanlarına həsr olunan 7-ci Beynəlxalq Konqres keçirilib. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva konqresin açılışında iştirak edib. İştirakçıları salamlayan tədbirin təşkilatçısı, Fransa Terror Qurbanları Assosiasiyasının baş direktoru Qiyyom dö Sen Mark tədbirin əhəmiyyətini qeyd edib və konqresin tərəfdaşlarına minnətdarlığını bildirib . Diqqətə çatdırılıb ki, Avropa Komissiyası, Fransanın xarici və Avropa işləri nazirlikləri ilə yanaşı, Heydər Əliyev Fondu da Konqresin tərəfdaşları sırasındadır. Azərbaycanın bu konqresə xüsusi maraq göstərdiyini deyən Qiyyom dö Sen Mark vurğulayıb ki, tədbirdə Azərbaycandan olan terror qurbanlarının iştirakı Heydər Əliyev Fondunun dəstəyi ilə baş tutub.

Daha sonra toplantıda Mehriban Əliyeva çıxış edib. Terrorçuluğun bütün dövlətlərə və xalqlara təhlükə olduğunu deyən M.Əliyeva qeyd edib ki, terrorçuluq təhlükəsizliyimizə, cəmiyyətlərimizin demokratik dəyərlərinə, vətəndaşların hüquq və azadlıqlarına, xüsusən də günahsız insanları hədəfə götürən təhlükədir. Onun sözlərinə görə, terrorçuluq cinayət aktıdır və istənilən şəraitdə əsaslandırıla bilməz.

“Beynəlxalq səviyyədə bütün səylərə baxmayaraq, terrorçuluq hədəsi yüksək olaraq qalır. Əfsuslar olsun ki, Azərbaycan da bu bəladan xilas olmayıb və 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi təcavüz və işğalla üzləşib. Ölkəmizdə 30-dan artıq terror aktı törədilib və nəticədə 2000-dən çox soydaşımız qətlə yetirilib. Bir neçə gün öncə 10-cu ildönümü qeyd edilmiş 11 sentyabr terror hadisələrindən dərhal sonra Azərbaycan terrorçuluğa qarşı mübarizəyə qoşuldu və terrorçuluğa qarşı beynəlxalq koalisiyanın bir hissəsi kimi böyük töhfə verdi», - deyə M.Əliyeva vurğulayıb.