Azərbaycan lokal hərbi əməliyyatla bir neçə rayonu azad edəcək - Rəy

azerbaycan-lokal-herbi-emeliyyatla-bir-nece-rayonu-azad-edecek-rey
Oxunma sayı: 886




AXCP sədrinin müavini, politloq Razi Nurullayev Azərbaycan və Ermənistan prezidentlərinin iyunun 25-də Kazan şəhərində Rusiya prezidentinin vasitəçiliyi ilə keçiriləcək görüşünə münasibət açıqlayıb. R. Nurullayev “Qafqazinfo”ya açıqlamasında maraqlı məqamlara toxunub: “Kazan görüşündə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə baza prinsipləri ilə bağlı sənəd imzalanarsa, onun həyata keçirilməsi böyük təlatümlərlə yadda qalacaq. Həm Azərbaycanda, həm də Ermənistanda bu təslimçilik aktı kimi qiymətləndiriləcək. Həm Azərbaycan, həm də Ermənistan prezidentləri ölkələrində daxili sabitliyin pozulmasını müşahidə edəcəklər. Azərbaycan xalqı, Dağlıq Qarabağın gələcək perspektivdə müstəqilliyinə işarə edə bilən istənilən razılaşmanı rədd edə bilər. Ermənistan müxalifəti, o cümlədən “Daşnaksütun” hərəkatı da Ermənistanın Azərbaycan rayonlarını Dağlıq Qarabağın statusunun müəyyənləşdirliməsindən öncə boşaltmağa razılıq verməsini xəyanətkarlıq kimi qələmə verərək, Sərkisyan iqtidarını yıxmağa çalışacaq”.
Nurullayev deyib ki, ümumilikdə, Kazan görüşü, Azərbaycan və Ermənistan prezidentləri üçün ciddi bir sınaqdır: “Bu ciddi sınağın müəllifləri isə Minsk Qrupu üzrə həmsədr ölkələrin prezidentləridir. Əminliklə demək olar ki, hər iki ölkənin prezidenti son addımlarını görüşdən bir gün öncə ölkələrində mövcud olan ictimai rəyin əsasında götür-qoy edib qərar verəcəklər. Prezidentlərin razılığı ilə görüşün tam təfərrüatları gizli saxlanıla, və müəyyən vaxta kimi hazırkı status-kvonun saxlanılması barədə qeyri-rəsmi razılıq da əldə oluna bilər. Belə bir razılaşma Ermənistan tərəfini razı salsa da Azərbaycan tərəfi üçün mövqe itirilməsi ilə nəticələnər. Bunları qeyd etməklə yanaşı, Ermənistanın baza prinsiplərini qəbul etməməklə bağlı birtərəfli qaydada dirəniş göstərməsi, Azərbaycana əlavə kart-blanş qazandıra bilər və bu zaman, Azərbaycan tərəfinin lokal müharibəyə başlaması gözləniləndir. 2-3 günlük müharibə nəticəsində Azərbaycan bir neçə rayonu azad edə də bilər. Amma, müharibənin lokal xarakter daşıması Azərbaycan tərəfinin daxili siyasətdə mövqeyinin gücləndirilməsi kimi başa düşülməlidir. Bu senari reallığa çevrilərsə, həmsədr ölkələrin prezidentlərinin təkidi ilə Azərbaycan müharibəni dayandıraraq danışıqlar masasına oturmağa hazır olduğunu bəyan edəcək” .
Politoloq, sonra Azərbaycanın nəyə görə lokal xarakterli müharibəyə başlaması iddiasına aydınlıq gətirmişdir: “Minsk qrupunun həmsədr ölkələri mayın 26-da Fransanın Dovil şəhərində “böyük səkkizliyi”in sammitində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanat qəbul ediblər. Prezidentlər Medvedev, Obama və Sarkozi Azərbaycan və Ermənistan liderlərini “siyasi iradə nümayiş etdirməyə və iyunda keçiriləcək Ermənistan-Azərbaycan sammiti zamanı əsas prinsiplər üzərində işi başa çatdırmağa çağırıblar. Bunun ardınca, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza, belə bir fikir bildirib: “Həmsədr ölkələrin prezidentləri Kazandakı görüşdən nə gözlədiklərini artıq Dovil bəyanatında bildiriblər. Bəyanatda qeyd edilir ki, münaqişə dinc yolla həll olunmalıdır, hərbi yol burada qəbulolunmazdır”.
Politoloq sonda bildirib ki, “The New York Times” qəzetinin də yazdığı kimi “Prezidentlər səviyyəsində iyunun 25-nə planlaşdırılan görüş uzun illər ərzində Dağlıq Qarabağ məsələsində çətin vəziyyətdən çıxmaq üçün ən yaxşı imkandır”. Amma, prezidentlərin qəti qərar verməsi və gözünün arxada qalmaması üçün, ölkələrindəki daxili oyunçularla da məsləhətləşmələr aparmalıdırlar. Prezidentlər evə dönən zaman müxalifətin mitinq keçirmək və onları hakimiyyətdən salmaq üçün xalqı ayağa qaldıracaqlarından narahatlıq keçirməməldir. Buna görə də, bu münaqişənin ən asan yolu, daxildə razılıq əldə etmək və sonra gözü arxada qalmadan razılaşdırılmış çərçivədə hərəkət etməsidir. Əks halda, baza prinsipləri ilə bağlı ilkin razılaşma əldə olunsa da, onu həyata keçirmək mümkün olmayacaq”.
Fikrini əsaslandırmaq üçün, politoloq, Karneqi Beynəlxalq Sülh Fondunun Rusiya və Avrasiya proqramının aparıcı tədqiqatçısı Tomas de Valın fikirlərindən sitat gətirib: “Azərbaycan və Ermənistanda Dağlıq Qarabağla bağlı ehtiraslar o dərəcədə qızışıb ki, münaqişənin həlli ərazilərin güzəştə gedilməsi kimi görünsə, hər iki tərəf böyük risk edəcək”.
Politoloq həmsədr ölkələrin də roluna toxunub: “Həm Azərbaycan, həm də Ermənistan beynəlxalq təşkilatlardan, həmçinin həmsədr ölkələrin prezidentlərindən daxili hakimiyyətin stabilliyi üçün qarantiya da istəməkdədir. Xüsusən, Ermənistan prezidenti müxalifət tərəfindən devrilməmək üçün dəstək alarsa, daha çox kompromisə gedə bilər. Buna görə də, Ermənistan prezidentinə Dağlıq Qarabağ münaqişəsinin təklif olunan variantda həllinə razılıq verdiyi halda, hakimiyyətini itirməyəcəyi zəmanəti verilsə, o zaman münaqişənin həlli üçün problem aradan qalxar. Sərkisyan Levon Ter-Petrosyanın taleyini yaşamaq istəməz. Digər yandan, Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın da hadisələrə müdaxiləsinin qarşısı alınmalıdır. Bu missiya isə daha çox Rusiya prezidentinin üzərinə düşür”.
Sonda, Razi Nurullayev “hal-hazırda Kazan görüşünün “ya üz, ya da düz” deyimi müstəvisində inkişaf etdiyini bildirib”.
Razi Nurullayevi Twitter-də oxu: http://twitter.com/RaziNurullayev