Azərbaycan Qəbələ RLS-ə görə istədiyinə nail oldu

azerbaycan-qebele-rls-e-gore-istediyine-nail-oldu-
Oxunma sayı: 665


Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona səfəri mətbuatda və siyasi dairələrdə geniş müzakirələr yol açıb. Qeyd olunur ki, bu səfər ikitərəfli münasibətlərdə bir sıra maraqlı məqamlara aydınlıq gətirmiş olub. Ən əsası Lavrovun Bakı səfəri deyəsən, iki ölkə arasında uzun müddətdir ki, müzakirə mövzusuna çevrilən Qəbələ RLS-lə bağlı narahatçılıqlara son qoymuş olacaq. Bakıda azərbaycanlı həmkarı ilə keçirdiyi görüşdə stansiya ilə bağlı sualı cavablandıran rusiyalı nazir müzakirələrin müdafiə nazirlikləri səviyyəsində getdiyini bildirib. Xarici işlər naziri Elmar Məmmədyarov da həmkarının sözünə qüvvət verərək vurğulayıb ki, Azərbaycan hökuməti stansiya ilə bağlı Rusiyanın təkliflərini nəzərdən keçirir və yaxınlarda ona cavab verəcək.

Elə bu bəyanatların üstündən bir gün keçməmiş Rusiyanın nüfuzlu «Rossiyskaya qazeta» nəşri maraqlı bir məlumat əldə etdiyini açıqlayıb. Qəzet bir müddət əvvəl Rusiya KİV-ində Azərbaycan tərəfi Qəbələ RLS-ə görə icarə haqqının 40 dəfə artırılmasını irəli sürməsi fikrini davam etdirib. «Rossiyskaya Qazeta»nın Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsi də bu informasiyanı təsdiq edib və əlavə edib ki, «Rusiya icarə haqqının artırılmasına hazırdır, lakin məntiqli sərhədlər çərçivəsində». Nəşr stansiya ilə bağlı Bakı ilə Moskva arasında anlaşmanın həllini tapacağını bəyan edib.

Qəzet əlavə edib ki, Sergey Lavrov Bakıda olarkən bununla bağlı danışıqlar prosesini davam etdiyini və Azərbaycan tərəfinin hazırda Rusiyanın təkliflərini öyrəndiyini deyib. «Elmar Məmmədyarov da bunu təsdiq edib» - deyə qəzet yazıb. Nazirlərin bəyanatından əvvəl isə Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov keçirdiyi brifinqdə Rusiya və Azərbaycan danışıqlarda “müəyyən irəliləyiş” əldə edildiyini bəyan etmişdi. O bildirib ki, Rusiya üçün Qəbələ RLS Azərbaycanla münasibətlərdə “mühüm”dür: «Biz nəticəyə əvvəlkinə nisbətən daha yaxınıq, baxmayaraq ki, ödəniş və şəraitlə bağlı məsələlər həllini gözləyir».

Xatırladaq ki, Qəbələ RLS-i son on ildə Rusiyanın icarəsində olub. 2011-ci ilin sonunda müqavilənin vaxtının bitdiyi üçün yeni danışıqlara başlanılıb. Dəniz səviyyəsindən 637 metr hündürlükdə yerləşən Dəryal stansiyası 1976-cı ildə səkkiz il müddətinə tikilib. Onun tikintisinə iyirmi mindən çox hərbi qulluqçunun cəlb edildiyi deyilir. Stansiya 350 meqabayt gücüylə işləyərək 6000 km radiusdakı məsafəni, təxminən İran, Türkiyə, Hindistan da daxil olmaqla bütün Yaxın Şərq və Avstraliyanın bir qismini nəzarətdə saxlayır.


Ermənilərin Qəbələ RLS arzusu ürəyində qaldı

Yeri gəlmişkən, ötən gün Ermənistanın baş naziri Tiqran Sarkisyan Bakı ilə Moskvanın Qəbələ RLS-lə bağlı razılığa gələ bilməyəcəkləri təqdirdə Ermənistanın Rusiya radiolokasiya stansiyasını tikmək üçün öz ərazisini təqdim etməyə hazır olduğunu bildirib. “Bizim ərazimiz belə maraq kəsb edirsə, biz bu məsələni müzakirə etməyə hazırıq” - deyə Ermənistan baş naziri “Kommersant” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, bu stansiyanın əhatə radiusu da Qəbələ RLS-dən daha böyük olardı. “Burada üstünlüklər də olardı. Çünki Ermənistan dağlar üzərində yerləşən ölkədir. Qavrama daha böyük ola bilər” - deyə Sarkisyan bildirib.

Lakin Rusiya nəşrinin ortaya qoyduğu məlumat ermənilərin arzusunu ürəyində qoymuş oldu. Elə Rusiya və erməni ekspertləri bu layihənin reallaşmasının mümkünsüz olduğunu irəli sürüblər. Onların qənaətincə, belə bir layihənin köçürülməsi milyardlarla dollara başa gələ bilər. Bu isə Moskvanın maraqlarına uyğun deyil. Hətta erməni baş naziri sərsəm, uzaqgörən olmamaqda ittiham edənlər də olub. Bir faktı da qeyd edək ki, mütəxəssislər seysmik zonada yerləşən Ermənistanda belə bir stansiyanın inşasının çox pis nəticələrə səbəb ola biləcəyini deyirlər. Tək bir Metsamor AES region üçün ciddi təhlükə olaraq qalır. Erməni baş nazir də bundan xəbərsiz kimi yeni-yeni layihələr barədə cəfəng fikirlər səsləndirir.


Rusiya nəşri: «Münaqişə ilə bağlı vəziyyəti tam şəkildə darala dirənmiş hesab etmiş olmaz»

Lavrovu Bakıda və Yerevanda müşahidə etmiş qəzet əməkdaşı Qəbələ RLS-lə yanaşı, Dağlıq Qarabağ münaqişəsinə və Transxəzər qaz kəmərinin inşaşı, eləcə də Xəzərin statusu ilə bağlı da məsələyə toxunub. Rusiyalı jurnalistlər Rusiya XİN rəhbərinin Dağlıq Qarabağ münaqişəsinin yaralarının tez bir zamanda qaysaqlanması üçün əlindən gələni etdiyini bildirib. Münaqişə tərəflərində müharibə əhval-ruhiyyəsinin güclü olduğunu bildirilsə də, vəziyyətin kritik olmadığı da bildirilib. «Vəziyyəti tam şəkildə dalana dirənmiş hesab etmək olmaz» - deyə danışıqlarda iştirak edən rusiyalı nümayəndələrdən biri qəzet əməkdaşına deyib. «Nizamlama prosesi yalnız tərəflərin qarşılıqlı razılığı ilə həllini tapa bilər. Hamı bunu başa düşür» - deyə Lavrov Bakıda qəzet əməkdaşına deyib. O ki qaldı Transxəzər qaz kəmərinin inşası ilə bağlı məsələyə - tərəflərin bununla bağlı hər hansı bir razılığa gələ bilmədiyi bildirilib. Rusiya da Azərbaycan da ümumi dil tapa bilməyiblər. Hər iki dövlət Xəzərin statusunun müəyyən olunması ilə bağlı aparılan danışıqlar prosesinin tez bir zamanda başa çatmasını istəyirlər. Lakin sonra fikir ayrılıqları başlayır. «Biz xarici oyunçuların (Avropa Birliyi nəzərdə tutulur-müəl) Xəzəryanı dövlətlərin fikirlərinə hörmətlə yanaşacaqlarına ümid edirik» - deyə Lavrov bildirib .Qəzet yazır ki, Moskvanın mövqeyi məntiqidir: Əvvəlcə Xəzəryanı dövlətlər Xəzərin statusu ilə bağlı razılaşmalı, sonra isə onun dibi ilə nəsə çəkməlidirlər.

«Kaspi» qəzeti