Azərbaycan-Rusiya sərhədində əməliyyat - 80 nəfər tutuldu

azerbaycan-rusiya-serhedinde-emeliyyat-80-nefer-tutuldu
Oxunma sayı: 685

Daxili İşlər Nazirliyi "Sərhəd" şərti adı altında keçirilən kompleks əməliyyat-axtarış tədbirlərinin nəticələri barədə rəsmi məlumat yayıb. Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Azərbaycan və Rusiya Daxili İşlər Nazirlikləri arasında təsdiq edilmiş birgə tədbirlər planına əsasən 2011-ci il sentyabrın 19-dan 25-dək hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində "Sərhəd" şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilib.

Əməliyyatın əsas məqsədi transmilli mütəşəkkil cinayətkar dəstələrin və terrorçu təşkilatların üzvlərinin zərərsizləşdirilməsi, silah-sursatın, partlayıcı maddələrin və qurğuların, narkotik vasitələrin, eləcə də digər hüquqazidd əməllərin həyata keçirilməsinə yönələn maliyyə və maddi vəsaitlərin daxilolma kanallarının müəyyənləşdirilib qarşısının alınması sahəsində kompleks təşkilati-praktiki tədbirlərin icrası olub.

Respublikanın Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar və Xaçmaz rayonlarını əhatə edən tədbirlər nəticəsində Azərbaycan Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 50 nəfər tutulub, həmçinin Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən axtarışa elan edilmiş 30 nəfər, şübhəli qismində 22 nəfər saxlanılıb.

Qanunsuz saxlanılan 7 avtomat silah, 5 tapança, 34 ədəd yivli və ov tüfəngi, 34 qumbara, 65 adda hərbi ləvazimat, 4000-dən çox müxtəlif çaplı patron götürülüb.

Əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 16 fakt aşkar olunub. Bu faktlar üzrə qanunsuz dövriyyədən 3 kiloqram 500 qrama yaxın müxtəlif növ narkotik vasitə çıxarılıb.Eyni zamanda, 633 kiloqramdan çox kultivasiya yolu ilə yetişdirilmiş, 15 tona yaxın isə yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar olunaraq məhv edilib.

Tədbirlər zamanı 421 inzibati hüquqpozma üzrə qanunla müəyyən olunmuş tənbeh cəzalarının tətbiqi təmin edilib.

Cinayətlərin qarşısının alınması və açılmasında böyük əhəmiyyət kəsb etməsi baxımından analoji əməliyyatların gələcəkdə də keçirilməsi planlaşdırılır.